Bu yazı Səbail rayonundakı 239
nömrəli tam orta məktəbin biologiya müəllimi Nübar Qayıblının iş təcrübəsi
haqqındadır...

Əyanilik hər bir fənnin
tədrisində mühüm əhəmiyyətə malikdir. “Biologiya” da bu baxımdan istisna deyil.
Amma əyani vəsaitlərin sinif otağında mövcudluğu heç də o demək deyildir ki,
müəllim artıq dərs prosesində hər bir şeyə nail olacaq, mövzunu yüksək səviyyədə
mənimsədəcəkdir. Əyani vəsaitlərin mövcudluğu işin hələ başlanğıcıdır. Əsas
məsələ bu vəsaitlərin tədris prosesinə ustalıqla tətbiq olunmasıdır. Bakının
Səbail rayonu Patamdar qəsəbəsi 239 nömrəli tam orta məktəbin biologiya
müəllimi Nübar Qayıblı dərs prosesində əyaniliklə nəzəriyyəni ustalıqla sintez
etməyi bacaran, şagirdin təfəkküründə, təbiətin obrazını, bu obraza məhəbbət yaratmaq qabiliyyətinə malikdir.
Əslində Nübar Qayıblının yaratdığı biologiya kabineti onun tədris etdiyi
mövzuların mini modelidir desəm, doğru olar. O, hər hansı bir mövzunu tədris
edəkən sinifdə həmin mövzuya uyğun olaraq mühit yaratmaqla, şagirdin
nəzərlərini, düşüncələrini bütünlüklə həmin mövzuya yönəltməyi bacarır.