Poeziya və bədii yaradıcılıq

Nənəmin mirası

Nənəmin ölüm yatağına düşdüyünü eşidən yaxın-uzaq qohumlar bizə yığışmışdı. İllərlə üzünü görmədiyimiz, qohum-tanışı ancaq işi düşəndə yadına salan Çolaq Salman da yüzlərlə kilometr yolu qət edə-edə özünü bizə çatdırmışdı. Çolaq Salman ümumiyyətlə, hüzür yerlərinə çox az hallarda gedərdi. İndi onu bura gətirən səbəb başqa idi. Nənəmin son vəsiyyətini eşitmək istəyi Çolaq Salmanı əməllicə hərəkətə gətirmişdi. Vəsiyyəti dinləməyə gələnlərin arasında onun kimilər az deyildi. El dili ilə desək, nənəm “Nuh əyyamı”ndan qalma - “köhnə arvadlar”dan idi. Bu da çoxlarının gözünü qamaşdırırdı. O, Böyük Vətən Müharibəsi illərində övladlarını təkbaşına saxlayıb böyütmüş, onları aclığın cəngindən qorumuş, hələ üstəlik kimsəsizə, ərsizə, yetimə əl də tutmuşdu. Qulaqlarımla eşitmişdim qonşu arvadların qeybətlərini… Deyirdilər ki, Qönçə arvadın uşaqları müharibə illərində bəy balası kimi yaşayıblar. Əgər belədirsə, onda Qöncə arvad imperialdan, məcdiədən kalan olar deyə düşünənlər gözlərini vəsiyyətini deməyə hazırlaşan nənəmin ağzından bir an belə kənara çəkmir, nə deyəcəyini səbirsizliklə gözləyirdilər.
Mən bilirdim ki, nənəm övladlarını bəy balası kimi saxlamaq üçün hansı məşəqqətlərə dözməli olub. O, bunların hamısını vaxtilə bizə danışmışdı. Soyuq qış axşamlarında bizi babamdan qalma köhnə evin küncündəki buxarının başına yığar, hərdənbir ocağa odun ata-ata müharibənin vahiməsindən, keçirdiyi çətin günlərdən söz salardı. Nənəm bu evi ərinin yadigarıdır - deyə çox sevirdi. Deyirdi ki, bu evdə babanızın nəfəsini, onun hərarətini hiss edir. Kişi müharibəyə gedəndə balaca oğlunu, yəni mənim atamı bu evin kandarında sonuncu dəfə bağrına basıb. Nənəm onu baxışları ilə bu evin qapısından yola salıb. Nənəm danışırdı ki, həmin an gözlərindən altı gilə yaş axıb. Babam bir anlıq o göz yaşlarının hər bir giləsində həyat yoldaşının ümidinə qoyub getdiyi, arxasınca boylanan  övladlarının gələcək qayğılı günlərinin acısını duyub. Sonuncu dəfə geri dönüb baxarkən sanki ümidlərini baxışları ilə nənəmə bağışlayıb gedib. Göz yaşlarında donub qalan həmin baxışlar ömrünün sonuna qədər nənəmlə birlikdə olub. Ona elə gəlib ki, soyuq qış günlərində evini babamın nəfəsi isidib. Nənəm danışırdı ki, ərini müharibəyə yola saldıqdan sonra şirin yuxunun nə olduğunu bilməyib. Bir tikə çörək dalınca pay-piyada kilometrlərlə yol gedib, uşaqlarını acından ölməyə qoymayıb. Qışın sazağında, soyuğunda Kürdən balıq tutub, arpa, buğda, çəltik, düyü əkib becərib.

Nənəmin müharibə illərindən söylədikləri bizə nağıl kimi gəlirdi. O nağıllarda yaxşı adamlar da var idi, pis adamlar da - qorxunc, bədheybət simalar da, aclıq da, səfalət də, bizim içində yaşadığımız işıqlı günlər də…

Nənəm onları bizə özünəməxsus tərzdə tanıdırdı. Bunları həm də ona görə danışırdı ki, yaxşını-pisi seçək, kimin-kim olduğunu bilək. Amma nə qədər qorxunc olsalar da,  nənəm onlardan yox, onlar nənəmdən qorxarlarmış. Babamın itkin xəbərini alandan sonra Nənəm gecə silahla yatarmış. Silah təklik qorxusunu unutdururmuş nənəmə. Deyirdi ki, bir gün yuxudan səsə ayılıb. Silahı götürüb həyətə düşüb. Görüb ki, qonşu İmran nənəmin yenicə əkdiyi buğda sahəsini tapdalayıb, haram eləyir. Nənəm silahı ona tuşlasa da içindəki kişi qeyrəti vurmağa qoymur. Düşünür ki, yazıqdır, vuraram övladları yetim qalar, bir çətən külfəti var. Deyir ki, ay İmran, niyə dul arvadı, yetimləri çörəksiz qoyursan? İmran nənəmin səsini eşidər-eşidməz hasardan hoppanıb qaçır. Nənəm havaya bir güllə atır. Bu xəbər kəndə yayılır. Sonralar hamı İmranı “qazanca qalmısan” - deyə məzəmmət edirmiş. Nənəmə isə deyirmişlər ki, gərək o namərdi öldürəydin. Nənəm isə əlini vaxtından tez ağarmış saçlarına çəkə-çəkə deyib: “Namərdə güllə atmaq mərd kişinin qızına yaraşmaz”.Nənəm həqiqətən də mərd kişinin qızı olduğunu sonrakı əməlləri ilə də sübüt edib. Əri müharibədə itkin düşsə də təzədən ailə qurmayıb, gözünün ucuyla da naməhrəmə baxmayıb. Ancaq qonşuda elələri olub ki, bir neçə dəfə ərə gediblər. Nənəm isə ömrünün sonuna qədər ərinin yolunu gözlədi. Hərdən bir məzəmmət də elədi ki, filinkəs qədər də olmadın. Qayıdıb gəlib övladlarına bir gün ağladı. Sənin heç ölüm xəbərin də bir düz-əməlli gəlmədi. Nənəm danışırdı ki, müharibənin sonlarına yaxın guya kimsə onu sağ-salamat görüb. Ona görə də nənəm babamın ölümünə ömrünün sonuna qədər inanmadı. Biçarə arvad öz-özünü inandırmışdı ki, o, sağdır. Sadəcə gəlmək imkanı yoxdur. İmkanı olan kimi gələcək. Babam isə gəlmədi. Hər halda, nənəm demişkən, “imkanı olsaydı” gələrdi. Axı, onun altı uşağının gözləri yolda qalmışdı. Hətta bibilərimdən birinin rəhmətə getməsi ona ayan olmuş və yazdıqları məktublarda nənəmdən evdə bir hadisənin baş verib-vermədiyini, ondan nəyinsə gizlədilib-gizlədilmədiyini dönə-dönə soruşmuşdu. Nənəm isə baş verən hadisəni ondan gizlətmişdi.

Hadisə isə belə olub: günlərin bir günü bibilərimdən biri Kürə atdığı qırmaqları yoxlayıb evə qayıdarkən qonşu oğlanın suya atmaq üçün fırlatdığı qırmağın ucundakı qurğuşun onun gicgahına dəyir. Yazıq bibim canını oradaca tapşırır. Babam məktublarında yazırmış ki, yaman qarışıq yuxular görür. Görür ki, qonşu Əliəhmədlə savaşır. Bibim Əliəhmədin səhvi ucbatından rəhmətə getmişdi.

Nənəm danışırdı ki, həmin il bizim üçün ağır başladı. Əvvəl qızım rəhmətə getdi, sonra da evimiz yandı. Qışa topladığımız azuqəmiz tələf oldu. Sonra isə ərimdən bəd xəbər aldım.

Nənəmin xatirələri çox idi. Xüsusilə aclıqda insanların çəkdiyi məşəqqətlər yaşadığımız əmin-amanlıq dövründə bizə yuxu kimi gəlirdi. Nənəmin acılı-şirinli  xatirələrini kitab kimi vərəqlədikcə, onu sanki yenidən kəşf edirdim. Üzündəki qırışlar, əlindəki qabar əzablı günlərindən bir nişanə idi. Amma indi can verərkən nənəmin yanındakıların əksəriyyəti onun keçirdiyi əzablı günləri deyil, ağzından çıxaracağı sözlər barədə düşünürdülər. Bu sözlərin onlara nə qədər aid olub olmayacağı isə hələlik məlum deyildi. Ailəmizin keçmişindən soraq verən nənəm isə qarşımda yaz qarı kimi əriyib gedirdi. Dəqiqələr ötdükcə o məndən uzaqlaşır, uzaqlaşdıqca da əllərimdən daha bərk-bərk yapışır, sanki mənimlə qalmaq, ya da məni də özü ilə aparmaq istəyirdi. Nənəmə zillənmiş baxışlardan isə suallar yağırdı. Qızıllar, imperiallar, məcdiələr, əntik əşyalar, “Kuznetsov” kasalar haradadır?. Və onlar ümumiyyətlə varmı? Əlbəttə ki, var. Əgər olmasaydı Qönçə arvad qohum-əqrəbanı vəsiyyətini dinləmək üçün niyə bir yerə toplayırdı ki? Heç nəyi də olmasa, imperialın, məcdiənin olacağı şübhəsizdir. Nənəmin daim üstündə əyləşdiyi sandığın içində nə var? Görəsən kimə nə qədər verəcək?

Nəhayət, nənəm uzun iztirablara son qoydu. Hələ də parlaqlığını itirməyən qara gözlərini ehmalca aralayıb, baxışları ilə məni tapdı. Baxışlarımız qarşılaşdı. Nənəmin həmişə mənə baxanda gözlərində oxuduğum həyat eşqini indi artıq görmədim. Amma elə bil üzünə nur ələnmişdi.

O, ətrafda heç kəsi görmürmüş kimi, yalnız mənə baxırdı. Gözlərini yumub-açmaq nənəmə nə qədər də ağır başa gəlirdi. O, hər dəfə gözlərini açanda mənə elə gəlirdi ki, evimiz, evimizlə bərabər mənim dünyam da işıqlanır. Bu işıq mənə nənəmin hələ yaşayacağına ümid verirdi - nənəmin hələ yaşayacağı ümidini…

Mənə elə gəlirdi ki, nənəmin ölümü ilə bütün uşaqlıq xatirələrim, həm də anamın dediyi kimi evimizin bini-bərəkəti yox olub gedəcəkdi. Birdən nənəmin ovcumda olan əlinin tərpəndiyini hiss elədim. Baxışlarımı gözlərinə zillədim. O,  qurumuş dodaqlarını ehmalca aralayıb öz adını bir neçə dəfə təkrar elədi. Sonra güclə seziləcək səslə: “Mənim sizə çatacaq varım-dövlətim yalnız təmiz adımdır. Hamınızın hüzurunda mən öz adımı kiçik oğlumun böyük oğluna vəsiyyət edirəm. Qız övladı dünyaya gələndə adını Qönçə qoyar. Adına layiq bir qız kimi böyüyər”,- dedi. Nənəmin bu vəsiyyətindən sonra otaqdakılara nəzər saldım. Simalardakı məyusluq məni çox üzdü. Deyəsən, nənəmin vəsiyyəti elə bircə mənim ürəyimcə oldu. İllər sonra mən nənəmin vəsiyyətinə əməl elədim. İndi evimizdə böyüyən balaca Qönçəni nənəmin ən qiymətli mirası kimi qoruyuram…

Böyükağa MİKAYILLI




Müasirliklə tarixiliyin vəhdətindən yaranan əsərlər
Bakının Nizami rayonundakı 129 saylı tam orta məktəbdə professor Əjdər Ağayevin son illərdə çap olunmuş əsərlərinin təqdimatı keçirildi.
Bu günlərdə Bakının Nizami rayonundakı 129 saylı tam orta məktəbdə pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin son üç ildə çapdan çıxan əsərlərinin təqdimatı keçirildi. Təqdimat mərasimində məktəbin pedaqoji kollektivinin üzvləri ilə yanaşı, rayonun digər məktəblərinin direktorları, həmçinin pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayilli, Təhsil Şurasının icraçı direktoru Arif İbrahimli iştirak edirdi. Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Samir Mehdizadə qeyd etdi ki, çağdaş pedaqoji fikrimizin görkəmli nümayəndəsi olan Əjdər Ağayev keçdiyi şərəfli ömür yolunda gələcək nəsillər üçün dəyərli irs yaradıb. Əjdər Ağayevin elmi əsərləri ilə yanaşı, ədəbi, publisistik əsərləri, şeirləri də oxucular tərəfindən daim maraqla qarşılanır, sevilə-sevilə oxunur. Samir Mehdizadə çıxışında Əjdər Ağayevin ömür yolunun ayrı-ayrı məqamlarına toxundu, görkəmli alimin yüksək şəxsi-mənəvi keyfiyyətlərindən bəhs etdi. Söylədi ki, Əjdər müəllimin əsərlərinə müəllimlərin marağını nəzərə alaraq məktəbdə təqdimat mərasiminin keçirilməsi qərara alınıb. Əsərləri təqdim etmək üçün söz müəllimlərə verildi.
Elmliyi və praktik əhəmiyyəti ilə seçilən əsərlər
Məktəbin dil-ədəbiyyat müəllimi Validə Zeynalova Əjdər Ağayevin “Seçilmiş əsərləri”nin I cildi haqqında bəhs etdi. Qeyd etdi ki, Əjdər Ağayev məhsuldar yaradıcılıq yolu keçib. O, həmişə elmi-pedaqoji nəzəri məsələlərin təhlilini təhsil təcrübəsi ilə həyatiləşdirməyə çalışmış, tədqiqatçı olmaqla yanaşı, praktik müəllimlik fəaliyyəti göstərmiş, təhsilin zaman-zaman yeniləşməsi prosesində bilavasitə iştirak etmişdir. Əjdər Ağayevin elmi-pedaqoji yaradıcılığında pedaqogikanın nəzəriyyəsi və tarixi, təhsil, təlim, tərbiyə məsələləri geniş yer tutur. Onun yaradcılığı həmdə onunla fərqlənir ki, o, həmişə zamanın doğurduğu yeni problemlərin tədqiqinə can atmış və bu cəhədlər uğurlu nəticələr vermişdir. O, qeyd etdi ki, Əjdər Ağayevin “Seçilmiş əsərləri”nin 1-ci cildində alimin pedaqogika tarixinə dair tədqiqat əsərləri yer tutur. Bu əsərlərdə müəllif müəyyən tarixi dövrdə fəaliyyət göstərmiş görkəmli təhsil xadimlərinin xidmətlərini, pedaqoji ideyalarını əks etdirir, eləcə də təhsilin inkişafında səmərəli rol oynamış tarixi təcrübəni ümumiləşdirir. Cilddəki materiallar elmliyi və praktik əhəmiyyəti ilə diqqəti cəlb edir. Əjdər Ağayev elmi-pedaqoji problemlərə bələd olduğu qədər də ölkədə təhsil təcrübəsinin inkişafı və formalaşması ilə tanışdır. Müəllif tədqiqat nəticəsində müəyyənləşdirir ki, hələ orta əsrlərdə Şərqdə, o cümlədən Azərbaycanda təhsilin yeniləşdirilməsi tələbi həmişə nəzərə alınmışdır. V.Zeynalova bildirdi ki, bu cilddə XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda yaşayıb fəaliyyət göstərmiş, zəngin pedaqoji irs qoyub getmiş şəxsiyyətlərdən biri olan türkoloq-alim və görkəmli müəllim kimi şöhrət qazanmış publisist, jurnalist Fərhad Ağazadə Şərqlinin fəaliyyəti və pedaqoji görüşləri, eləcə də 150 yaşlı Şuşa məktəbi geniş yer tutmuş, “Azərbaycan maarifpərvərləri fiziki tərbiyə haqqında”, “Şəxsiyyətin formalaşmasında nəzəri fikir və təcrübədən istifadə imkanları”, “M.F.Axundzadənin ictimai –pedaqoji görüşləri haqqında”, “S.Vurğunun pedaqoji fikirləri haqqında” və digər məqalələr verilmişdir. O, yekun olaraq, qeyd etdi ki, professor Əjdər Ağayevin çoxcildlik “Seçilmiş əsərləri” müasir dövrümüzün təhsil problemlərini reallığı ilə anlamağa, Azərbaycan təhsil və pedaqoji fikrinin əsas ideyalarını tanıtmağa və müasir şəraitdə onların tətbiqinə nail olmağa xidmət edir.
Ürək çırpıntısı ilə yazılan əsər “Seçilmiş pedaqoji əsərlər”in ikinci cildi haqqında bəhs edən dil-ədəbiyyat müəllimi Səkinə Qasımova vurğuladı ki, Əjdər Ağayevin əsərləri mədəniyyətimizin, təhsilimizin uğurlu sabahı üçün böyük xəzinədir. Kitabda toplanan ayrı-ayrı materiallar məktəb və pedaqoji fikir tarixinin müəyyən mənzərəsini əks etdirir. Kitabı oxuyarkən müəllifin təhsilimizə qayğısını, vətənpərvərlik duyğularını, faydalı əməllərlə dolu olan xidmətlərini, milli təhsilimizin bu günü, uğurlu sabahı üçün əməli çalışmalarını, ürək çırpıntılarını görürük. O, qeyd etdi ki, Əjdər müəllim bu əsərdə tarixçi, müəllim, pedaqoq, ədəbiyyatşünas, etnoqraf, publisist, tənqidçi kimi çıxış edir. O, öz yazıları ilə keçmişimizin işıqlı dünyasını gözümüzün önündə canlandırır. Məhz bu baxımdan Qutqaşın məktəbinin və Sabir adına Pedaqoji Texnikumun zəngin təcrübəsi tədqiqi material kimi diqqəti cəlb edir. Ötən yüzillikdə xalqın maariflənməsində mühüm rol oynamış Qutqaşın məktəbinin yaradılması, orada dərslərin təşkili, məktəbə rəhbərlik edənlər və müəllimlər, məktəbin məzunları, onların xalq təsərrüfatına, elmə, mədəniyyətə, sənayeyə verdikləri faydalar haqqında geniş məlumat verilir. Qutqaşında ilk maarif ziyası yandıranlardan Rəşid bəy Əfəndiyevin, Vahid bəy Musabəyovun, Məhəmməd Qəribovun, Məcid Mərdanovun, Əfsarə Əhmədovanın və başqalarının fədakar əməyi əsərdə öz əksini tapmışdır. Kitabda Azərbaycan pedaqogika elminin görkəmli nümayəndələri-Fərhad Ağazadə, Rəcəb Əfəndiyev və Şəfiqə xanım Əfəndizadənin yaradıcılığı haqqında da ətraflı məlumat verilir. Əsərdə şəxsiyyətin inkişafı və tərbiyə probleminə dair qiymətli fikirlər söylənilmişdir. Artıq biz burada Əjdər müəllimi bir ədəbiyyat tədqiqatçısı kimi görürük. Belə ki, kitabda Ə.Xaqani, N.Gəncəvi, Marağalı Əvhədi, Füzuli, Məsihi, Şirvani, Bakıxanov, Vazeh, Tusi, Axundov və başqalarının şəxsiyyət haqqındakı qiymətli fikirləri ilə tanış oluruq. Məhz bu cəhətlərdən kitab müəllimlər üçün çox əhəmiyyətlidir.
“Bu kitabı Əjdər Ağayevin pedaqoji mövzuda olan əsərlərinin ən dəyərlilərindən hesab etmək olar.”
Dil-ədəbiyyat müəllimi Nuriyyə Əliyeva Əjdər Ağayevin “Məhəmmədhüseyn Şəhriyarın pedaqoji görüşləri” əsərindən bəhs etdi. Söylədi ki, əsərdə M.Şəhriyarın pedaqoji görüşləri ustalıqla araşdırılır. Böyük mütəfəkkirin Azərbaycan və fars dillərində yazdığı əsərlər təhlil olunur, təlim - tərbiyə, müəllim, məktəb haqqında fikirləri sistemləşdirilir, milli vətənpərvərlik, yurdsevərlik ideyalarlı təbliğ edilir. Natiq söylədi ki, professor Ə.Ağayev bu əsərdə Peyğəmbərimizdən, İran və ingilis alimlərinin fikirlərindən sitatlar gətirir, hətta O.Konnorun qənaətinin Şəhriyarın təlim və tərbiyə işinin həyata keçirilməsi texnologiyası ilə üst-üstə düşdüyünü qeyd edir. Əjdər Ağayev yazır ki, Şəhriyar öyrədəni – müəllimi Peyğəmbər missiyasında görür. Çıxışına davam edən N.Əliyeva dedi: “Ə.Ağayev göstərir ki, mütəfəkkir sənətkar “Türkün dili”və digər şeirlərində Azərbaycan dilinin zənginliyini, gözəlliyini, xalq mənəviyyatını əks etdirməsini, poetik olaraq mahir dilşünas - pedaqoq məharəti ilə sübuta yetirir. Şəhriyarın pedaqoji ideyaları yalnız öz dövrü üçün aktual deyil, bugünümüzdə də xüsusi dəyərə malikdir, gələcəkdə də öz əhəmiyyətini saxlayacaqdır. Məlumdur ki, M. Şəhriyarın əsərlərinin çoxu fars dilindədir. Professor Ə.Ağayev ilk dəfə onun həmin əsərlərini pedaqoji cəhətdən tədqiq edərək gözəl bir kitab ərsəyə gətirmişdir. Bu kitabı Əjdər Ağayevin pedaqoji mövzuda olan əsərlərinin ən dəyərlilərindən hesab etmək olar.”
Rusdilli oxucular üçün dəyərli əsər Məktəbin rus dili müəllimi Zöhrə Rzayeva Əjdər Ağayevin “Педагогические раздумья» əsərini təhlilə cəlb etdi. Söylədi ki, Əjdər Ağayevin bu əsəri öz dəyəri etibarilə çox qiymətlidir. Burada pedaqoji elm sahəsində dünyada tanınan alimlərin fikirləri, yaradıcılıqları geniş təhlilə cəl olunmaqla rusdilli Azərbaycan oxucusuna tanıdılır. Oxucu əsərdə Nizami Gəncəvi, Fizuli, Məhəmməd Tağı Sidqi, Makarenko, Süleyman Sani Axundov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Məmmədəli Məhərrəmov kimi elm, sənət adamlarının, mütəfəkkirlərin dəyərli fikirləri ilə tanış olmaq imkanı əldə edir. Zöhrə müəllim sonda vurğuladı ki, Əjdər Ağayevin bu əsəri pedaqoji irsimizi öyrənmək baxımından dəyərli mənbədir və müəllimlər hər zaman ona istinad edib faydalana bilərlər.
Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri tədqiqat müstəvisində Dil-ədəbiyyat müəllimi Sevda Alıyeva Əjdər Ağayevin “Seçilmiş əsərləri”nin II cildindən bəhs etdi. Vurğuladı ki, bu əsər Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri tarixi haqqındadır. Müəllif burada XIX əsrdə və XX əsrin əvvəllərində Güney Qafqazda pedaqoji əlaqələrin inkişafını şərtləndirən cəhətlərdən bəhs edir. Əjdər müəllim qeyd edir ki, Güney Qafqaz xalqlarının pedaqoji əlaqələrini şərtləndirən cəhətlər çoxdur. Müəllif yazır ki, azərbaycanlılar və gürcülər arasında yaşamalı olan ermənilər bu xalqların şifahi xalq ədəbiyyatını, yeməklərini, el sənətkarlığını öyrənirdilər. Xüsusilə xalq pedaqogikası baxımından əlaqələr daha geniş və məzmunlu idi. Ermənilər azərbaycanlıların atalar sözlərini, nağıl və rəvayətlərini, aşıq şerini mənimsəyir, yazıya alır, hətta musiqimizi öyrənirdilər. Rahat yaşamaq üçün yaltaqlıqdan istifadə edir, azərbaycanlı və gürcülərin həyət-bacasında işləyidilər. Onlar inzibati dairələrdə yüksək vəzifələr tuturdular. Türk dilini bilirdilər. Buna görə də Güney Qafqazda əziyyət çəkmədən yerləşir, əlaqəyə girir, əvvəllər köçüb gəlmiş ermənilərlə birləşərək milli məktəb, kilsə və s. təşkil edirdilər. Az keçməmiş rusların yardım və köməyi ilə Güney Qafqazda möhkəmlənən ermənilər gürcülər və azərbaycanlılara qarşı torpaq tələbi ilə qarşıdurmaya başladılar. Əjdər Ağayev tədqiqatlara istinadən yazır ki, qadın təhsili sahəsində də Güney Qafqaz pedaqoji əməkdaşlığı öz tarixi rolunu oynamışdır. Bu sahədə qadın müəllimlərin fəaliyyəti diqqətəlayiqdir. Bu kitab Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri tarixindən bəhs etdiyinə görə həm müəllimlər, həm tələbələr üçün gözəl bir vəsaitdir.
Yeni texnologiyalara yeni yanaşma aşılayan əsər
Ə.Ağayevin “Seçilmiş pedaqoji əsərləri”nin 1-ci cildi haqqında məktəbin dil-ədəbiyyat müəllimi Svetlana Əmirova bəhs etdi. O, qeyd etdi ki, kitabda toplanmış məqalələrdə professor Ə.Ağayev fakt və hadisələrə, elmi həqiqətlərə real yanaşır, qənaətlərini açıq və cəsarətlə bildirir. Pedaqoji əsərləri çap olunmuş bu cilddə məqalələr 4 problem üzrə istiqamətləndirilmişdir. I. Yeniləşən cəmiyətdə təhsil, təlim, tərbiyə məsələləri II. Təhsil və idealogiya III.Yeni dövr: Pedaqogikanın aktual problemləri IV.Pedaqoji fikir tarixindən Kitabın hər bir səhifəsində dövrümüz üçün aktual olan mövzularla tanış oluruq. Kitabda təhsilimizin inkişafı naminə hansı problemləri həll etməyimiz, onların, həllində bizə kömək ola biləcək vasitələrdən necə bəhərlənməyimiz əks olunmuşdur. “Təhsil milli intibahın ilk amilidir” məqaləsində professor doğru olaraq göstərmişdir ki, müdriklər təhsilə təkcə mənəvi aləmdə deyil, dövlətin qüdrətini təmin edən bütün sahələrdə dircəliş, intibah, qələbə amili kimi baxmışlar. Kitabda müəllifin digər bir məqaləsində hal-hazırda təhsil sistemindəki yeniliklərlə, yeni dərs - kirikulumla bağlı fikirləri də böyük marağa səbəb olur. Belə ki, məqalələrin birində professor təhsilin informasiyalaşdırılmasında bir necə vacib şərtlərin qarşılıqlı həyata keçirilməsini vurğulayır. Məqalədə diqqəti cəlb edən xüsusi məqam ondan ibarətdir ki, təkcə təhsil müəssisələrinin yeni informasiya texnologiyaları ilə təmin edilməsi işin həll olunması demək deyil, bununla yanaşı, müəllimlərin hazırlıq səviyyəsi, müxtəlif fənlər üzrə elektron tədris vasitələrinin yaradılması, məktəblərdə elektron kitabxanaların, İKT – nin tədrisdə tətbiqinə dair elmi metodiki təminatın yaradılması da vacibdir. Müəllif əsas olaraq göstərir ki, müəllimlərin bu sistemdə calışa bilmələri üçün 2 proses həyata kecirilməlidir: 1. Müəllimlər hazır elektron informasiya resurslarindan istifadə etmək səviyyəsində olmalıdırlar. 2. Pedaqoji təyinatlı proqram vasitələri işlənib hazırlanmalıdır. Bütün bu acıqlamalardan belə bir sual yaranır “Müasir dərs necə olmalıdır?” Müəllif bu sualın açıqlamasında göstərir ki, hər bir dərsdə təhsilvericilik, tərbiyəedicililik, inkişafetdirilicik həyata kecirilməlidir. Müasir dərs mövcud həyatı, ictimai prosesi olduğu kimi əks etdirməli, təbiətin və cəmiyyətin inkişaf yolunu düzgün üzə cıxarmalı, inkişafın yeni mərhələsinin məzmununu aşkar etməli, öyrənənləri gələcək fəaliyyət üçün hərtərəfli yüksək səviyyədə hazırlamalıdır. Hazırda interaktiv metodlar, fəal təlim metodları, təlim texnologiyaları anlayışlarına tez-tez rast gəlinir. Müəllif “Yeni təlim metod və texnologiyalardan istifadənin nəzəri və praktik məsələləri” adlı məqaləsində də, bu metod və üsullara toxunmuş, onlardan nümunələr göstərmişdir. Təqdimat mərasimində çıxış edən professor Vidadi Xəlilov söylədi ki, müəllimlər Əjdər Ağayevin əsərlərini elmi, metodoloji cəhətdən yüksək səviyyədə təhlil etdilər. Səmimi, müstəqil fikir yürütdülər. Əjdər Ağayevin əsərləri həqiqətən də müasirliklə tarixiliyin vəhdətindən yaranmışdır. Onun əsərlərində ənənə və müasirlik özünü tam dolğunluğu ilə meydana qoyur. Bu əsərlərin hər biri müəllimlər üçün dəyərli elmi, metodiki mənbədir. Tədbirin sonunda çıxış edən professor Əjdər Ağayev 129 saylı məktəbin direktoru Samir Mehdizadəyə və iştirakçılara, çıxışçılara dərin minnətdarlığını bildirdi.
B.MİKAYILLI





PEDAQOJİ VƏ BƏDİİ DÜŞÜNCƏNİN VƏHDƏTİNDƏ YARANAN ƏSƏRLƏR
Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin çoxcəhətli yaradıcılığının mühüm bir qolunu uşaqlar üçün yazdığı şeirlər, hekayələr təşkil edir. Müasir Azərbaycan uşaq ədəbiyyatında şair, nasir Əjdər Ağayevin yaradıcılığının özünəməxsus yeri vardır. Söz sənəti tariximizdə bədii ədəbiyyatın mütaliəsini gənc nəslin mənəvi-estetik tərbiyəsinin mühüm vasitəsi hesab edərək uşaq əsərləri yazan, bunu xalqa xidmət kimi dəyərləndirən bir çox görkəmli şair, yazıçı pedaqoqlar olmuşdur. S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, C.Məmmədquluzadə, R.Əfəndiyev, A.Şaiq kimi qüdrətli sənətkarlar müəllimlik etməklə yanaşı, bu gün də öz əhəmiyyətini itirməyən, uşaqların mütaliə dairəsinə daxil olan qiymətli bədii əsərlər yazmışlar. Öz sələflərinin şərəfli yolunu uğurla davam etdirən Əjdər Ağayevin yaradıcılığının iki qanadı var: elmi-pedaqoji iş, müəllimlik və uşaq nəsri, poeziyası sahəsində uzun illərdir davam edən uğurlu fəaliyyət.
Bədii yaradıcılığa keçən əsrin 50-ci illərindən başlayan Ə.Ağayevin "İlk və son mahnı" ilk hekayəsi 1956-cı ildə "Azərbaycan pioneri" qəzetində, "Bir də çal o mahnını" adlı ilk şeri isə 1957-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. Sənətkarın gələcəyimiz olan gənc nəsillə bağlı arzu və düşüncələri, uşaq həyatını müşahidələrinin nəticələri “Sülh gəmisinin kapitanı” (1982), “Payız” (mahnı, 1995), “Kosmos və Mən” (mahnılar, 1997), “Bala dadı, bal dadı” (şeirlər, 1999), “Ceyran nənəm” (Azərbaycan və ingilis dillərində, hekayələr, 1999), “Gəlirəm, gözlə məni” (şeirlər, 2000), “Fərhadın rəsmləri” (2008), “Allahın haqq bəndəsiyəm” (2008) kitablarında öz əksini tapmışdır. Həmin əsərlərdə böyüyüb boya–başa çatdıqca insanı, dünyanı dərindən dərk edən uşağın özünəməxsus daxili aləmi, əməlləri, yaşıdları və yaşlılarla qarşılıqlı münasibətlərindən söz açılır. Ədibin əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuş, 100-dək şerinə mahnı bəstələnmişdir. Əjdər Ağayevin məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün əsərlərinin leytmotivini gənc nəslə vətənpərvərlik, soykökünə bağlılıq, mənəvi saflıq, fəal həyat mövqeyi aşılanması təşkil edir. Şairin poetik təravəti, dil-üslub xüsusiyyətləri ilə seçilən uşaq şeirləri ilə oxucuya, ilk növbədə, nəcib hisslər, gözəl duyğular aşılayır, onu mənən saflaşdırmaq, kamilləşdirmək niyyəti izləyir. “Nəvəmə” şeirinin bu mövzuda yazılmış əsərlər içərisində özünəməxsus yeri var. Nəvəsi Əjdərin dünyaya gəlməsi xəbəri baba qəlbinə sonsuz sevinc, onun gələcəyi ilə bağlı xoş ümidlər bəxş edir. Babanın qəlbində baş qaldıran hisslər hər bir insana xas olan təbii duyğulardır. Lakin şair öz nəvəsinin yalnız bir nəslin davamçısı kimi sağlam, gümrah, xoşbəxt olması istəyi ilə məhdudlaşmır, onun həm də əsrlərlə həsrətində olduğu azadlıq, müstəqillik niyyətinə qovuşmuş ulu bir ölkənin yeni bir vətəndaşı olmasını arzulayır. Şairin ən böyük arzusu nəvəsinin vətənpərvər, Koroğlu hünərli bir gənc kimi böyüməsi, əsl vətəndaş olmasıdır. O, dünyaya vətənin bir əsgərinin, bir müdafiəçisinin də gəlişinə sevinir: Bir zabitdi, yurd qoruyur atası Nəvəm, böyü, sən də igid əsgər ol. Cəngavər ol, düşmənlərə batası Koroğlutək basılmayan bir nər ol. Şair məkrli “qarı düşmən”in mövcudluğunu unutmamağa səsləyir, hər bir azərbaycanlının qəlbində qövr edən Şuşa nisgilini xatırladır, xain qonşularımızın tapdağı altında olan bu qədim qalamızın bir gün xilas olacağına inamını ifadə edir. Şeirdə sənətkarın nəvəsinin bir insan kimi necə böyüməsi, hansı mənəvi keyfiyyətlərə sahib olması ilə bağlı düşüncələri diqqəti cəlb edir. Şairin arzusu nəvəsi Əjdəri həyatda ağıllı, ayıq-sayıq, hiylələrə aldanmayan, biliyinə, elminə güvənən, mübariz, qeyrətli, ləyaqətli, şərəf hissini uca tutan bir gənc kimi görməkdir. Əsərdə ədəbli olmaq, pür-kamala yiyələnmək, öz xeyirxah əməlləri ilə xalqa xidmət etmək əsl insani keyfiyyətlər kimi mənalandırılır. Hələ XVI əsrdə M.Füzuli divanının müqəddiməsində yazırdı ki, elmsiz şeir bünövrəsiz divar kimidir və bünövrəsiz divar isə çox etibarsız olur. Şeirimin elm zinətindən məhrum olmasını nöqsan sayıb bir müddət həyatımı elmləri öyrənməyə sərf etdim. Bu baxımdan Ə.Ağayevin yaradıcılığında elmi və bədii təfəkkürün vəhdət təşkil etməsi, uşaq şeirlərində elmə, biliyə, dünyanı, kosmosu dərk etməyə çağırış motivlərinin güclü olması təqdirəlayiqdir. Şairin erməni terrorunun qurbanı olmuş görkəmli ziyalı, alim Tofiq İsmayılov haqqında düşüncələri müasir gənc nəsil üçün ibrətamizdir: “Mən onu heç cür unuda bilmirəm. Təbiəti, insanları, kosmosu özünəməxsus vurğunluqla sevirdi. Azərbaycanın hər qarış torpağının aşiqi idi. Gözlərindən nur, ağzından dürr, əməllərindən xeyir, bərəkət tökülürdü. Son dəfə onunla görüşəndə söhbətimiz təhsildən, uşaqlarda ana torpağa, kosmosa məhəbbət yaradılmasından düşdü. Dedi ki, Respublika Xalq Təhsili Nazirliyi ilə birlikdə Mərkəz yaratmışıq. Gərək uşaqlarımız onun köməyi ilə kosmosun sirli-sehrli dünyasına aludə olsunlar, kosmosun vasitəsilə torpağı daha dərindən sevməyin mümkünlüyünü bilsinlər. O deyirdi ki, təkcə təbiət deyil, torpağın özü də kosmosu öyrəndikdə daha aydın dərk edilir. Gərək uşaqlarımızda nağıllarla, kino-filmlərlə, bədii əsərlərlə, mahnılarla kosmosu öyrənməyə maraq yaradaq. O, xüsusilə kosmosa aid uşaq mahnılarının çox az olduğundan gileylənirdi. O zaman ürəyimdən keçirdim ki, Tofiq müəllimin bu gileyini bəstəkarlarımıza çatdırım. Bəstəkar Rəşid Şəfəq ilə “Kosmos və mən” mahnılar silsiləsini yaratdıq. Lakin Tofiq İsmayılovun faciəli ölümündən sonra onu daha da təkmilləşdirdik, mahnıların sayını onun çox sevdiyi “7” rəqəminə çatdırdıq.” Şairin bir sıra şeirləri bilavasitə uşaqlar üçün yazılmasa da, mövzu, ideya-məzmunu, dil-üslub xüsusiyyətləri baxımından uşaq mütaliəsi materialı kimi də dəyərlidir. Gənc nəslə vətənpərvərlik duyğuları aşılayan, onun qəlbini milli qürur, iftixar hissi ilə dolduran əsərlərində hər misra, hər bənd dərin mənalıdır, düşündürücüdür. Şair canından artıq sevdiyi Vətənindən munis hisslərlə söz açır. Bu baxımdan vətənpərvərlik mövzusunda yazılmış “Naməlim əsgərin qəbri önündə”, “Qalx ayağa, Azərbaycan!”, “Ərdəbil”, “Təbriz qızları”, “Kardaş yurdu Türkiye”, “Şəhid Elçinə ağı” şeirləri diqqəti cəlb edir. Vətənin birliyi, bütövlüyü, soykökünə bağlılıq, xalq işinə sədaqət, şəhidlərin xatirəsinə ehtiram həmin əsərlərin leytmotivini təşkil edir. Məlumdur ki, ürəksiz və həyəcansız yazılmış şerilər uşaqlara bədii zövq vermədiyi kimi, onlara Vətən haqqında doğru təsəvvür də verə bilməz. Ə.Ağayevin Vətən mövzusunda yazdığı şeirlər həyati müşahidələrin dərinliyi, obrazlı ümumiləşdirmələrlə seçilir. “Qalx ayağa, Azərbaycan!” şeirində şair xalqın ər oğullarına səslənir, səbrin tükəndiyini, artıq ayağa qalxmaq, Vətəni yağılardan xilas etmək zamanının gəlib çatdığını söyləyir. Şair əsərdə özünü də Vətənin müsəlləh əsgəri kimi təqdim edir, Vətən uğrunda döyüşlərdə hamının bir nəfər kimi iştirak edəcəyinə, canı, qanı bahasına olsa belə müqəddəs torpağımızı xilas edəcəyinə inanır: Qalx ayağa, Azərbaycan, alovlardan vurub keç, Daha bəsdir, aç gözünü, düşmənini yaxşı seç. Qeyrətini bayraq elə, silahını uca tut, Qoy məhv olsun qarı düşmən, nəfəs alsın ana yurd. Qalx ayağa, Azərbaycan, Sənin üçün verək can! Biz səninik, sən də bizim, Anacan! Vaxtilə xalq şairi S.Vurğun uşaq ədəbiyyatına böyük tələblər mövqeyindən yanaşır, bu ədəbiyyatla bağlı məsələlərin heç də sadə və asan olmadığını dönə-dönə nəzərə çatdırırdı: «Uşaq insandır! Onun sadə görünən oynaq, daim xoşbəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcuddur. Düşünmək, duymaq, sevmək, küsüb-incimək, ağlamaq, gülmək, qəzəblənmək, xatırlamaq, xəyala dalmaq, ümid və arzulara bağlanmaq, yaxşılıq, hörmət, bütün insan xassələri uşaqlıq aləmində mövcuddur. Demək istəyirəm ki, biz uşaqla danışdığımız zaman – insanla danışdığımızı, uşaq üçün yazdığımız zaman – insan üçün yazdığımızı unutmamalıyıq.» ( 5, s.36.) Bu baxımdan Ə.Ağayevin “Bala dadı, bal dadı” kitabında məktəbəqədər və kiçik yaşlı məktəbli uşaqlar üçün yazılmış müxtəlif şeirlərdən nümunələr maraq doğurur. Buradakı şeirlər onun uşaq psixologiyasına, uşaq dünyasına dərindən bələd olduğunu, gənc oxucuya humanizm mövqeyindən yanaşdığını bir daha sübut edir. ”Ana” şeirində ana uca, müqəddəs bir varlıq kimi tərənnüm edilir. Əsərin lirik qəhrəmanı sevimli, mehriban anasını dünyada ən saf, təmiz insan hesab edən uşaqdır. O, körpəsini səsləyən, bəsləyən anadan məhəbbətlə söz açır: Ana qədər sevimli, Ana qədər mehriban, Ana qədər saf, təmiz Görən varmı bir insan? Şeirdə ana sözünün vətən sözü ilə sinonim kimi işlədilməsi ona dərin ictimai məzmun verir. Oxucuda belə qənaət yaranır ki, Vətənə ana deyiriksə, deməli, Vətənə layiqli övlad olmalı, Vətən namusunu hər şeydən uca tutmalıyıq. Kitabdakı “Babamın ağ saçları”, “Şaxta baba” şeirləri dünyanı dərk etməyə başlayan uşağın sözlü-söhbətli, məzəli dünyası öz bədii əksini tapıb. Bu əsərlərdəki uşaq obrazları öz həyatiliyi, təbiiliyi, səmimiliyi ilə diqqəti cəlb edir. “Babamın ağ saçları” şeirində baba onun ağ saçlarını çəngələyən şıltaq nəvəsi Arifə üz tutaraq deyir: Dəymə ağ saça, oğlum, O, müqəddəs, uludur. Onda həyat izim var, O, ömrümün yoludur. “Mənim üç babam var” şeirində də həyati bir səhnə təsvir edilib. Əsərin qəhrəmanı olan uşaq yolda büdrəyən qocaya ayağa durmaqda kömək etdiyi üçün iftixar hissi duyur. Qocanın uşağa “Mən də sənin babanam” deməsi onu sevindirir. Axı, başqalarının iki babası olduğu halda onun üç babası var. Əjdər Ağayevin bədii yaradıcılığında folklorla bağlılıq güclüdür. Ədibin şeirlərinin dilindəki şifahi xalq ədəbiyyatından gələn axıcılıq, səlislik, şirinlik, ifadəlilik onun ideya-bədii dəyərini artırır, balaca oxucuya emosional təsirinin güclənməsinə səbəb olur. “Günel” şeirində şifahi xalq ədəbiyyatının geniş yayılmış janrlarından olan oxşamaların təsiri aydın duyulur. Lakin şair bu şeirdə orijinal ifadələr, epitetlər, bənzətmələrdən istifadə etməklə ata-ananın övlada məhəbbətini yeni məzmunda, deyim tərzində ifadə etməyə müvəffəq olmuşdur. Günel gün kimi göyçək, Açılıb çiçək-çiçək. Yanaqları almadır, Günel bala bal dadır. Əsərdə “Dövlətdə dəvə, övladda nəvə” atalar sözünün məqamında işlədilməsi də müəllif niyyətinin daha dolğun bədii ifadəsinə xidmət edir. Şair oxşama üslubunda yazdığı bu şeirin bəndləri arasında laylaya xas olan “Günelim, ay Günelim, Ver mənə hay, Günelim” nəqəratlarını işlətməklə ahəngdarlığı, ritmi, musiqililiyi artırmış, əsərə şərqi səciyyəsi vermişdir. “May”, “Quzu”, “Payız”, “Baharda”, “Qaranquş”, “Çinar” şeirləri təbiət mövzusuna həsr olunub. Məlumdur ki, əsərdə situasiyadan asılı olaraq sözlərin müvəqqəti vokativ funksiyada (xitab şəklində) işlədilməsi uşaq şeri üçün çox səciyyəvidir. Ə.Ağayev folklor motivlərindən bəhrələnməklə yazılmış “Səməni” şeirində uşaq qəlbində təbiətə məhəbbət oyatmaq üçün vokativ sözdən ( müraciətdən) məharətlə, yerində istifadə etmişdir: Səməni, ay səməni, Qüvvə ver, böyüt məni. Yazın ilk ruzususan, Bəslərəm ildə səni. Ədibin uşaqlar üçün yazdığı hekayələrin bir qismi “Ceyran nənəm” kitabında toplanmışdır. Bu hekayələrdə sənətkar sanki qayğıkeş, munis bir ata kimi öz zəngin həyat təcrübəsində əldə etdiyi qənaətləri müasir uşağın düşüncələri, hərəkətləri, davranışı prizmasından keçirərək sadə, səmimi bir dillə oxuculara təqdim edir. Müəllif uşaq həyatından real lövhələrə müraciət etməklə get-gedə daha da qloballaşan, mürəkkəbləşən bir dünyada yaşayacaq, əvvəlki nəsillərin həyat estafetini daşıyacaq gənc nəsli mümkün səhvlərdən qorumağa, düzgün mənəvi mövqe aşılamağa çalışır. “Sülh” gəmisinin kapitanı”, “Peşmançılıq”, “Bir parça çörək”, “İlk və son mahnı”, “Əhədbaba” hekayələrində uşaqların qarşılıqlı münasibətləri, yanlış hərəkətlərinin nəticələrindən ibrət almaları real həyati müşahidələr kontekstində təqdim edilir. “Axtarış”, “Ceyran nənəm”, “Ülviyyənin nağılı”, “Ata əvəzi” hekayələrində yaşlıların gənc nəsil üçün daşıdığı məsuliyyət hissi, ibrətamiz həyat yolundan söz açılır. “Axtarış” hekayəsində müharibədə şücaət göstərən əsgərin vətənpərvərliyi, qəhrəmanlığı onu döyüşlərdə ölmüş bilib, haqqında məlumat toplamağa çalışan məktəblilərə örnək kimi göstərilir. “Ülviyyənin nağılı” hekayəsində isə erməni işğalçıları ilə döyüşlərdə misilsiz qəhrəmanlıq göstərən cəsur bir insanın – Qüdrətin taleyi göz önündə canlandırılır. İllər keçir, Vətən uğrunda döyüşlərdə ağır yaralanmış Qüdrətin sinəsindəki qəlpə öz işini görür. Lakin onun yarımçıq qalmış ömrü şirin bir xatirəyə, nağıla çevrilir. Zaman keçdikcə nağıllaşan bu həyat həqiqətini cəsur kişinin nəvəsi Ülviyyə iftixarla müəllimə, sinif yoldaşlarına danışır. “Ceyran nənəm” hekayəsində müharibə illərində arxa cəbhədəki insanların qarşılaşdıqları çətinliklərdən, ağır sınaqlardan üzüağ çıxmalarından bəhs edilir. Ceyran nənə nəvəsi Kəmalənin və sinif yoldaşlarının xahişi ilə müharibə zamanı arxa cəbhədə fədakarlıqla çalışan ərindən söz açır. Uşaqlar böyük ömür yolu keçmiş, həyatın sınaqlarından üzüağ çıxmış Ceyran nənənin söhbətlərini maraqla dinləyir, 1918-ci ildə ermənilərə qarşı əldə silah at belində vuruşmasından heyranlıqlarını gizlədə bilmirlər. Hekayədə təsvir olunan əhvalatlar, qəhrəmanların xarakteri, əməlləri gənc oxucuda dərin təəssürat oyadır, mənəvi saflığa səsləyir. Ə.Ağayevin uşaq ədəbiyyatı sahəsində yaradıcılığının mühüm bir qolunu uşaq ədəbiyyatının nəzəri məsələlərinə həsr olunmuş tədqiqlər, ədəbi-tənqidi məqalələr təşkil edir. Bu məqalələrin xeyli hissəsi ədibin “Təməldən əmələ” kitabında “Balacalar üçün yazmaq şərəflidir” başlığı altında toplanmışdır. Bu əsərlərdə uşaq ədəbiyyatının problemləri, bir sıra nümayəndələrinin yaradıcılığı, ayrı-ayrı bədii əsərlər təhlil süzgəcindən keçirilmişdir. Bədii yaradıcılığında olduğu kimi, ədəbi-tənqidi məqalələrində də görkəmli pedaqoq alimin dəsti-xətti, düşüncə tərzi, gənc nəsildə vətəndaşlıq keyfiyyətlərinin, milli dəyərlərin formalaşdırılması, uşaq həyatının təsvirində realizm, həyat həqiqətlərinə sədaqət kimi meyarlar özünü bariz şəkildə büruzə verir. Uşaq ədəbiyyatına böyük tələblərlə yanaşan müəllif sənətkarın uşaq həyatını yaxından müşahidə etməsinin, uşaq obrazları yaradarkən onların həyatını, təbiətini, psixologiyasını, yaş xüsusiyyətlərini bilməsinin zəruriliyini qeyd edir, uşaq əsərlərində təsvirçiliyə meyli, quru, bəsit dili ciddi qüsur kimi göstərir. Ə.Ağayevin uşaq dünyasını realist həyati lövhələrlə əks etdirən, gənc nəslə vətənpərvərlik hissləri, cəsurluq, zəhmətsevərlik, humanizm, xeyirxahlıq, saflıq, düzlük, halallıq kimi milli və ümumbəşəri mənəvi dəyərlər aşılayan, ideya-məzmun dolğunluğu, mövzu, janr, dil, üslub xüsusiyyətləri ilə seçilən şeir və hekayələri müasir uşaq ədəbiyyatımızın dəyərli nümunələridir. Oktyabr ayında Əjdər Ağayevin yetmiş beş yaşı tamam olur. Hörmətli alimimizi və yazıçımızı doğum günü münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Bilal HƏSƏNLİ



BƏXTİYAR VAHABZADƏNİN UŞAQ VƏ MƏKTƏB DÜNYASI Prof. Dr. Əjdər AĞAYEV Qafqaz Universiteti Bakı / Azərbaycan ajdar1937@box.az
XÜLASƏ Türk dünyasının ünlü şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı həyatın, insanın, insan düşüncəsinin bədii sözün qüdrəti ilə qələmə alınmış əsrarəngiz təqdimatıdır. Məqalədə şairin zəngin irsindən yalnız bir istiqamətə - onun uşaq və məktəb, müəllim və təhsil haqqında yazdığı şeirlərin təhlilinə yer verilmişdir. Şair yaradıcılığa başladığı ilk illərdən uşaqlar üçün maraqlı şeir nümunələrini meydana qoymuş, illər keçdikcə təhsil, müəllim, məktəb haqqında fikirlərini, onların cəmiyyətdə rolunu poetik tərənnümlə əks etdirmişdir. Məqalədə şairin bəhs edilən mövzuda yazdığı “Körpə nəfəsi”, “Analar, dayələr”, “Günəş və Mən”, “Məktəbli qız”, “Yazı taxtası”, “Birinci zəng”, “İlk dərs”, ”Mənim parta yoldaşım”, “Müəllim” və digər şeirlərindən nümunələr təhlil edilir, Bəxtiyar Vahabzadə yaradıcılığında uşaq, məktəb, müəllim mövzusunun sosial-pedaqoji və poetik-fəlsəfi mahiyyəti şərh olunur. AÇAR SÖZLƏR: Bəxtiyar Vahabzadə, uşaq və məktəb dünyası, müəllim, sənətkarlıq, bədii söz.

РЕБЕНОК И ШКОЛЬНЫЙ МИР В ТВОРЧЕСТВЕ БАХТИЯРА ВАГАБЗАДЕ РЕЗЮМЕ Творчество известного в тюркском мире поэта Бахтияра Вагабзаде является волшебным воспеванием жизни, человека, человеческой мысли, вышедшим из-под пера автора благодаря могуществу художественного слова. Статья посвящена только одному направлению богатого творческого наследия поэта – анализу стихов, посвященных детям и школе, учителю и образованию. С первых дней своего творческой деятельности поэт создавал вызывающие живой интерес детей стихи, а с годами стал в поэтической форме излагать свои мысли об образовании, педагогах, школе и их роли в обществе. В статье проведена разборка отрывков таких посвященных этой теме стихов поэта, как «Дыхание ребенка» («Körpə nəfəsi»), «Матери и няни» («Аnalar, dayələr»), «Солнце и я» («Günəş və mən»), «Школьница» («Məktəbli qız»), «Школьная доска» («Yazı taxtası»), «Первый звонок» («Birinci zəng»), «Первый урок» («İlk dərs»), «Мой школьный друг» («Mənim parta yoldaşım»), «Учитель» («Müəllim»), сделан анализ социально-педагогической и философско-поэтической сущности написанных на тему ребенок, школа, учитель стихов в творчестве Бахтияра Вагабзаде. КЛЮЧЕВЫЕ СЛОВА: Бахтияр Вагабзаде, ребенок и школьный мир, учитель, мастерство (виртуозность), художественное слово.
BAKHTİYAR VAHABZADE CHİLD’S AND SCHOOL WORLD SUMMARY Creation of Bakhtiyar Vahabzade, famous Turk poet, is an unexampled presentation of life, human, human sense written by the power of artistic pen. Analysis of only one direction – child and school, teacher and education – from the rich heritage of the poet has been emphasized in this article. At the first years of his creation the Poet wrote many interesting poems for children and praised education, teacher, school ideas and their role in the society. Examples from “Kid’s breath”, “Mothers, nurses”, “Sun and I”, “Schoolgirl”, “Blackboard”, “First bell”, “First lesson”, “My classmate”, “Teacher” and other poems he write being a prisoner were analyzed in this article. This article reflects socio-pedagogical and poetic-philosophical essence of child, school and a teacher theme at the creation of Bakhtiyar Vahabzade. KEY WORDS: Bakhtiyar Vahabzade, child and school world, teacher, mastery, graphic word.
Giriş
Bəxtiyar Vahabzadə mövzu rəngarəngliyi, üslub gözəlliyi, sənətkarlıq məziyyətləri, yüksək ideya-mənəvi məsləki, fəlsəfi düşüncələri ilə seçilən, Türk dünyasında sevilə-sevilə oxunan qüdrətli söz ustadıdır. Onun yaradıcılığında uşaq və məktəb dünyası önəmli yer tutur. İstər uşaqlar üçün yazdığı şeirlərində, istərsə də ibrətamiz fikirlər, sosial mənzərələr, fəlsəfi baxışlar sərgiləyən əsərlərində, hətta, publisistik yazılarında uşaq, məktəb, müəllim mövzusu şairin mənəvi aləminin tələbatı kimi meydana çıxır. Sənətkarın yaradıcılığına diqqət yetirdikdə öncə kiçik yaşlı, daha sonra yeniyetmə və ilk gənclik yaşını keçirən uşaqlar üçün yazdığı şeirlər diqqəti cəlb edir. Məktəb və müəllim mövzusu isə həm real, həm də müstəqim yanaşmada öz əksini tapır. Reallıq bundan ibarətdir ki, şair təhsil ocağının, orada oxuyan şagirdlərin, dərs deyən müəllimin məziyyətləri haqqında müşahidələrini təcəssüm etdirir. Müstəqim anlam isə şairin hikmət sahibi, həyat hadisələrini təşrih edən, insanları səciyyələndirən, yol göstərən, dəyər verən, tərbiyə edən, istiqlal və azadlıq ruhunu yayan mübariz müəllim missiyasında görünməsidir. Sənətkar kiçik yaşlı uşaqlar üçün yazdığı şeirlərində balacaların əhvalını, qəribəliklərini, təəccüblərini qələmə alır, eləcə də, onlara insanlar, insanlıq, ətraf aləm haqqında bilgi verir. Şair nəinki məktəbi, hətta, sinif otaqlarını tərənnüm edir. Sənətkarın “Şəfəqin arzusu”, “Sinif-həyat”, “Birinci zəng”, “Aynası bol, daşı az”, “Qəbələ məktəbi”, “Sevinc gətirmişəm”, “Mən ki, qara deyiləm”, “Körpə gülüşü” və digər onlarla şeirində uşaqların bənzərsiz, al-əlvan dünyası, uşaqları sinifdən-sinfə keçdikcə qucağına alan sinif otağı, müəllimin şəfqətli, əvəzsiz əməyi sənətkarlıqla tərənnüm olunur. Bəxtiyar Vahabzadə yaradıcılığı uşaq dünyasını al-əlvan çiçəkləri ilə gözəlləşdirən gülüstandır. O, cəmiyyətdə, təbiətdə, fəaliyyətdə baş verən müşahidə etdiyi prosesləri sosiallaşdırır və bunu öyrənc mənbəyinə çevirir.
Uşaq və məktəb dünyasını əks etdirən poetik nümunələrin təhlili
Bəxtiyar Vahabzadənin şair – vətəndaş olaraq maraq dairəsində insanların dünyaya gəlişindən əbədilik dünyasına qovuşana qədər ömür yolu dayanır. Filosof şairin yaradıcılıq laboratoriyası bu zəngin həyatın müxtəlif anlarını, məzmun çalarlarını, insan münasibətlərini öyrənir, aldığı ictimai-fəlsəfi nəticələri poeziyanın ruhlandırıcı dili ilə bəyan edir. Qüdrətli sənətkarın uşaq və məktəb dünyasında da əsas sima insandır, insan münasibətidir, insanın öyrənməsi və öyrətməsidir, insanın yüksəliş yolunun tərənnümüdür. Şairin “Körpə nəfəsi” adlı şeirində həzin, qəlbi riqqətə gətirən, təbiətən mövcud olan ana – körpə məhəbbəti dayanır. O, bu şeirində ananın körpənin beşiyi üstdə əyilməsi ilə ana önündə cahanın əyilməsi oxşarlığını təqdim edir. Şair “dünyada ən incə, ən pak nəğmədir körpə mışıltısı, körpə nəfəsi” deyərək, dünyaya gəlmiş yeni insanın paklığını, saflığını nəzərə çatdırır. Eyni zamanda, anaların uşaqları üçün yanan qəlblərini onların ömür yollarını işıqlandıran nura bənzədir:
Beşiklər üstündə bir çıraq təkin Analar sübhəcən ürək yandırır. Yanan ana qəlbi öz körpəsinin Ömür yollarını işıqlandırır
Bəxtiyar Vahabzadəyə görə, uşağın sağlam ruhlu, nikbin böyüməsində ana məhəbbətinin əvəzsiz rolu vardır. ““Analar, dayələr” şeirində şair müşahidəsinin dəqiqliyi, sənətkar sözünün həqiqiliyi analarımıza böyük bir həyat dərsliyindən xəbər verir. Şair yazır:
Ana sevgisinə varmı bir əvəz? Böyüdür balanı o qaynar həyat. Dayənin sığalı, nəvazişləri Körpə ürəkləri isidə bilməz. Ana sevgisinə körpə həsrəti, Kim deyir ən böyük xəyanət deyil. Dayənin sığalı, eşqi, hörməti, Vəzifə borcudur, məhəbbət deyil. Körpənin oyunu, nazı, şıltağı, Dayənin gözündə qüsurdur, əlbət, Ana məzəmməti, ata danlağı Ancaq məhəbbətdir, ancaq məhəbbət” 2 Göründüyü kimi, sənətkarın yanar qəlbi körpə-ana məhəbbətinin təbiiliyini, ana qayğısının əvəzsizliyini böyük bir hərarətlə duyur və milyonlara bəyan edir. Şair boy atan, böyüyən uşağın dil açması, ətrafında gördüklərini öyrənməyə çalışması, təbiətin ona qəribə görünən sirlərini bilmək cəhdi və digər əxlaqi-mənəvi keyfiyyətləri haqqında yazdığı şeirlərdə uşaqların daxili aləminin, düşüncəsinin qəribəliklərini əks etdirir. “Günəş və Mən” şeirində uşağın özü ilə zaman baxımından Günəşi müqayisə etməsi uşaq təfəkkürünün məntiqi ifadəsi kimi oxucunu təəccübləndirir. Uşaq deyir:
... Səhər-səhər göylər nura boyanır, Günəş məndən tez oyanır... Bircə şeyi unutmasın Günəşim – Axı ondan gec yatıram mən hər gün3.
Göründüyü kimi, şair uşağın boy atdıqca maraq dairəsi və təfəkkürünün genişləndiyini göstərir. Uşaq böyüyür, məktəb yaşına çatır, məktəb yolu ilə addımlayır, sinif otağına daxil olur, sinif yoldaşlarını tanıyır, müəllimdən dərs alır, sinifdən-sinfə keçdikcə, pillə-pillə yüksəlir, nəhayət, həyat yoluna düşür. Bütün bu proses Bəxtiyar Vahabzadənin uşaq və məktəb dünyasının həm mənzərəsini, həm də dinamikasını təşkil edir. Şair məktəb yollarını insanın getdiyi yolların ən şərəflisi sayır. Məktəb yollarını insanı xoşbəxtliyinə aparan yol kimi dəyərləndirilir. “İlk cığır” şeirində o, uşaqlara müraciət edərək:
Get, ey yavrum, qəlbini gələcəyə bağla sən. Cocuqluq həyatının ən qayğısız çağıdır. Açılmış cığırlarla bu gün dərsə gedirsən, Sabah sən açacaqsan bu yollarda ilk cığır4.
Şairin “Məktəbdən ayrılanda”, “Yenidən məktəbə”, “Məktəb yolları”, “Məktəbli qız” və digər bu qəbilli şeirlərində uşaqların biliklərə yiyələndikləri təhsil ocaqlarına dərin məhəbbəti öz əksini tapır. Sənətkarın məktəbli qıza müraciətlə yazdığı “Məktəbli qız” şeirində filosof-şair Hüseyn Cavidin “Qız məktəbində” adlı şeirinin ruhu duyulur. Hüseyn Cavidin ədəbi qəhrəmanı məktəbli qız altunlardan, brilyantlardan, ipək geyimlərdən sadə, təbii geyimi daha üstün tutur. O, Allahını, peyğəmbərləri, müəllimini, məktəbi sevir. Bir qızın bəzəyi sadəlikdir, - deyir. Bəxtiyar Vahabzadənin şeirində isə belə bir mükalimə yoxdur. O, müşahidə etdiyi məktəbli qızın sadə geyimdə gözəl görünüşünü müşahidə edir və onun təhsil səylərini, dərs hazırlığını təqdir edərək, yüksək dəyərləndirir:
Sən məsələ həll edəndə Tər üzündən axır dən-dən. Bu danələr qiymətlidir Min pay soyuq mirvaridən.
Sənə üzük nə gərəkdir Hələ deyil onun yeri. Barmağının üzüyüdür O mürəkkəb ləkələri.
Bəxtiyar Vahabzadə sanki məktəb, elm, təhsil aşiqidir. Onun məktəb anlayışı sinif otaqlarını, yazı taxtasını, kitabxananı, kitabları, zəng səsini, ayrı-ayrı fənn dərslərini və nəhayət, bütün bunların fövqündə dayanan, bu prosesi quran və idarə edən müəllimi əhatə edir. Şair “Yazı taxtası” şeirində onu mənalandıraraq, şagirdin yiyələndiyi bilik və bacarıqlarının nümayişi vasitəsi kimi səciyyələndirir. Şairə görə, yazı taxtasında yazılan rəqəmlər, sözlər yenisini yazmaq üçün silinsə də, öz nəticəsini şagirdə verilən vəsiqədə əks etdirir və şairə görə bütün o rəqəmlər, bütün o sözlər ömür yolunu göstərir. Şairin uşaq və məktəb dünyasında məktəb zənglərinin səsi də eşidilir. O, “Birinci zəng” şeirində qızı balaca Şəfəqə müraciətlə deyir: Birinci zəng səsi! Səni indidən Aparır gələcək, gözəl günlərə. O səni çağırır sonuncu zəngdən Sonra başlanacaq toy-düyünlərə.
Şairin sinif otaqlarını poetik mənalandırması onun bir çox şeirində diqqəti cəlb edir. Şair bildirir ki, insan ömrünün ilk çağı sinif otağında keçir. Bu otaq ən böyük diləklərin başlanan yolunu müəyyənləşdirir və haqlı olaraq qeyd edir ki:
Bu yol sonsuzdur, Ancaq zirvələrə ucalır. Bu yol gözə görünmür Beyinlərdə iz salır.
Böyük sənətkarın məktəb dünyasında ilk dərsin də böyük mənası vardır. O, “İlk dərs” şeirində yeni dərs ilinin başlanmasını və ilk dərsin insanı ucaldan, kamala çatdıran yüksəliş pilləsində ilk pillə olduğunu mənalandırır. Digər tərəfdən, şair birinci sinfin ilkinlik özəlliyini meyadana qoyaraq, ilk dərslərdən başlayaraq, Ana, Ana Vətən kəlmələrini öyrənmələrini ilkin vətəndaşlıq rəmzləri hesab edir. Bəxtiyar Vahabzadənin uşaq və məktəb dünyasında kitabın əhəmiyyəti, kitabın öyrədici mahiyyəti, kitabın hər yeri “gəzə bilməsi”, kitabın insana dost, yoldaş olması, öz şirin söhbətlərindən usanan, yorulan olmaması, hər bir şeydən xəbər verməsi, doğru yol göstərməsi poetik tərənnümlə təqdim edilsə də, ciddi pedaqoji mahiyyət daşıyır. Şair:
Kitab sənə müəllimdir, Sinəsində min aləm var. O, səni bir insan kimi Gah güldürər, gah ağladar, - deməklə, kitabın bəşəri mahiyyətini ortaya qoyur.
Şərqin böyük mütəfəkkir insanı Nəsirəddin Tusi yazırdı ki, məktəbdə dərs oxuyan şagirdin həmdərsi olmalıdır. Çünki dərs yoldaşı olan iki uşaq bir-biri ilə mükalimə, diskussiya apara bilir. Bununla da biliklərini möhkəmləndirirlər. Eyni zamanda, həmdərs – dərs yoldaşı məsləhətləşmələr, birlikdə fəaliyyət göstərmək, xoş xatirələri bölüşə bilmək, dostluq məziyyətlərinə yiyələnmək üçün də əhəmiyyətlidir. Bəxtiyar Vahabzadənin ”Mənim parta yoldaşım” şeirini yazarkən N.Tusinin qeyd etdiyimiz fikirlərini nəzərə aldığını deyə bilmərik. Lakin bu həqiqətdir ki, hər iki filosof-alim, sənətkar, elm və söz ustadının “parta yoldaşı” ideyasını irəli sürdüklərini deyə bilərik. Şair ”Mənim parta yoldaşım” şeirində məktəb illərinə qayıdır, o günləri, parta yoldaşını xatırlayır:
Bir yerdə nahar etdik, şam elədik çox zaman Hər arzumu bilərdin sən mənim baxışımdan. Hər gün səhər küçədən sən məni səsləyərdin “Sən mənə yoldaş deyil, bir qardaşsan” deyərdin. Bizə görə dost idi, atalar, analar da İllər ötdü, bəs indi sən hardasan, mən harda?!
Nəhayət, xatirələrini ümumiləşdirən şair yenə məktəb partasını yada salır:
Keçsə də gəncliyimiz Ayrı-ayrı diyarda, Qalmış uşaqlığımız O taxta partalarda... – deyir5.
Bəxtiyar Vahabzadənin yaradıcılığında müəllim mövzusu önəmli yer tutur. O, ona dərs demiş, unudulmaz müəllimi Səidə İmanzadə haqqında böyük şəfqət və məhəbbətlə danışır. Müəllimindən dərs aldığı illərdən xeyli ötsə də, şair özü də bir müəllim olaraq çalışsa da, müəlliminin qarşısında özünü yenə də tələbə sanır. Müəllimi ilə rastlaşan şair:
Tutdu onun zəhmi yenə də məni, Qızardım, bozardım yenə utandım. Müəllim olsam da, onun önündə Özümü yenə də tələbə sandım, - deyə etirafını bildirir.
Görkəmli sənətkarın müəllim mövzusunda yazdığı şeirlər sayca çox olduğu kimi, məzmunca da geniş, müxtəlif çalarlıdır. Onun həyata, insanların gələcəyinə, inkişafa münasibəti müəllim əməyinin tərənnümündə əks olunur. O, məsləkdaşı Misir Mərdanova həsr etdiyi “Müəllim” şeirində müəllim əməyinin böyük ictimai dəyərini, müəllimlik peşəsinin insanın biliklərə yiyələnməsi, tərbiyə olunması və şəxsiyyətcə formalaşmasında əvəzsiz rol oynamasının bədii təqdimatını verir. Şair müəllimi “körpə könüllərdə məşəl yandıran”, “hamar beyinləri cilalandıran”, “tez durub, gec yatan”, “sabahı bu gün yaradan”, “düşüncə güllərini əqillə suvaran”, “insanı göylərə qaldıran”, “xəyala qol-qanad, gözə nur verən” ustad kimi səciyyələndirir. O, bu şeirdə, eyni zamanda, müəllimin fəaliyyət yeri olan məktəbin cəmiyyətin inkişafında əvəzsiz rola malik olduğunu bildirir. “Məktəbi hər şeydən üstün millətin, hər yerdə, hər işdə zəfəri haqdır” – yazır. Şair bədii sözün imkanları daxilində müəllim obrazını yaratması ilə kifayətlənmir. O, müəllimin heykəlini yaratmaq üçün heykəltaraşa müraciət edir:
Gəl ey heykəltəraş! Bu mərmər, bu gil... Düşün müəllimi, sonra alış, yan. Onun heykəlini mərmərdən deyil, Yarat özü kimi nurdan, işıqdan6.
Fikrimcə, bu obrazlı misraları şairin özünə aid etmək yerinə düşər. Sənətkarın nurdan, işıqdan yaranmış əbədiyyət heykəli öz gözəllikləri, cazibəsi, düşüncəsi, sənətkarlıq qüdrəti, vətəndaşlıq qeyrəti ilə bütün Türk dünyasına nur yayır.
Nəticə Bəxtiyar Vahabzadənin zəngin yaradıcılıq irsində uşaq və məktəb dünyası, müəllim obrazı geniş yer tutur. Bu mövzuda yazdığı bütün əsərlərdə təhsili inkişafın əsas vasitəsi hesab edir, məktəbi təhsil ocağı kimi yüksək dəyərləndirir, müəllimin şəxsiyyətlərin və bütövlükdə cəmiyyətin formalaşmasında əvəzsiz rola malik olduğunu göstərir. O, sadəcə müşahidə etdiyi sosial və pedaqoji prosesləri deyil, eyni zamanda, mənəvi dəyərlərin insanın kamillik yolunda mühüm əhəmiyyət daşıdığını qeyd edir. Filosof-şair fəlsəfi düşüncələrinin, həyatın fəlsəfi mənasının reallığını – praktik həllini pedaqoji prosesdə görür. Bəxtiyar Vahabzadənin uşaq və məktəb dünyası insan dünyasını işıqlandıran həyati örnəkdir.
ƏDƏBİYYAT 1. Vahabzadə Bəxtiyar. Əsərləri. III cild. Bakı, 2005 2. Vahabzadə Bəxtiyar. Əsərləri. IV cild. Bakı, 2002 3. Vahabzadə Bəxtiyar. Əsərləri. VI cild. Bakı, 2003 4. Ağayev Əjdər. Həyatın astanasında. Bakı, 1983 5. 
buradan baxa bilərsiniz.

Sara Selcanın şeir dünyası
Çiçəkləyəsən budaq-budaq quruyunca, yarpaqlayasan ağac-ağac kötük olunca. Yürüyəsən barmaqların qanayınca amma qanadların qırılmadan. Susaysan oxay deyib doyunca içəcəyin qədər. İnsafsızcasına tanımadıqlarının dərdini özününkü kimi çəkənəcən Böyüyəsən, Böyüyəsən yalandan şişirdilmədən özün olunca. Sevəsən bəs olacaq boyda ölüncə son nəfəsəcən. --------------- Bulud kimi dolanda yağmağa yerin ola, yağasan,yağasan boşalanacan. Sonra da uçmağa göyün ola uçasan,uçasan, quş olanacan. Nəfəs dərməyə otağın ola, Şeir yazmağa hücrən. Çiçək açmağa budağın ola, Xoşbəxt olmağa gecən ----------------- Ayaqlar çəkir Ağılsızlığın cəzasını, Ayrılığın kəndiri möhkəm. Sallandığın quyunun içindən od çıxır, Çölündə xainlər. Əcəl sinənə əl uzatmamış Sənin üstünə göndərir ağrıları . Özün öz dilinlə əcəli səsləyərsən Hardasan, niyə gəlmirsən? Ömrünün divarları nəm Allahın rəhmi yağır.
Mən olan yer Qorxulu filmlər kimidir Vağzalı havasıyla gəldiyim bu yer. Burda cürbəcür terroristlər var, Qruplaşmalar-mafioz. Hisslərim Fələstin kimi bombalanır vaxtaşırı, torpaqlarından müqəddəslərin qanı axan Bağdad kimi duyğularım- Həm Allaha yaxın, Həm şeytanın hiyləsindən qan girdabında. Mən Təbriz kimiyəm Qadağalar altında yaşayan, Uzaqlaşdırılan doğmalarından. Mən bir az da Qarabağ kimiyəm, İşğal olunan, Haqq səsini ətrafındakılar eşitməyən. Naxçıvan kimiyəm Vətəndən-vətənə yolu olmayan. Bakıya oxşayıram mən bir az da. Şimalın əzmək istədiyi, Qərbin barmaq silkələdiyi, Cənubun hədələdiyi. Sərvəti göyə sovrulan vətənimin səfilləri kimi duyğularım ac. Burda olanlar qəzəb,nifrət, Qeybət ancaq. Bax bu cür yaşayıram,Tanrım, Sənmi yazdın bunları alnıma? Inanmıram sənin yanıldığına. Uzaqdan baxıram özüm-özümə, Mən yoxam əslində Mən olan bu yerdə.
BU SARANI DA SEL APARIR
Bu Saranı da sel aparır, Axan Arpa çayı deyil. Fələyin verdiyi açar, Hayıf, bəxt açarı deyil.
Bu Saranı da sel aparır, Köməyə Xan Çoban gəlir. Aparır sellər Saranı, Ağ sularda Selcan gəlir.
İznimi ver
Siz məni əzaba sürüklədikcə Bağrıma basdığım daşlar göynədi. Axı qəlbim idi siz əzdiyininiz İllər adlayınca yaşlar göynədi.
Nə çiçəyin oldum, nə arın oldum, Yaşılını yaşamadığım bahar. Dünyada ən vəfalı yarın oldum, Ey kədər, məni uzaqlara apar.
köhnə kəndir, ya zəhər bir damla cismimə yoxluğun gerçək üzün ver. olursa olsun, Tanrım, hansı yolla ölümlə getməyə sən iznimi ver.
DUYDUQLARIM
Dünyaya sığmayan istəklər var, İçi duyulmayan təklər var. Var su bəyazlığı, Yovşan qoxusu, Bir də düzənlik azadlığı.
Bu mən mənə yad baxır, Gah sevir, gah darıxır. Baş açmadım ki axır, Yoxam, varam özümdə, Yovuşdum yovşanlara İsti aran düzündə.
Su bir içimlik, Gül bir dərimlik. Can bir yaşamlıq, Eşq bir dəlilik.
Bir damla göz yaşı, Bir dünya sənsizlik. Itirdim qanadlarımı Mən o vaxt tələsib. Hər doğulan insanla, Ölən insanla Tanrı dünyaya Bir kəlmə pıçıldar: Ardı var...
Orda
Yenə solmağa başladım, Hayanasa payız gəlir. Sən al qanınla yazırsan, Mənə qara kağız gəlir.
Bilirəm orda yağışdı, Görmürəm qoxusu gəlir. Ört-basdır etmə sevgini, Könlümə duyğusu gəlir.
Gözəl
Dünya sınıq pəncərə, Kimlər keçmir hər cürə, Baxdım dərviş, tacirə, Ağam, qulumdan gözəl.
Kim məsum, kim paxıl de, Gözlərimə baxıb de, Mənimçün bir nağıl de, Əvvəli sondan gözəl.
Şər şərliyin atmadı, Gecə-gündüz yatmadı, Şeytan paltar tapmadı Mələk donundan gözəl.
Könlüm söz nəşəsidi, Söz saflar peşəsidi, Daha nə düşəsidi Bəxtimə bundan gözəl.
Gah gen dünya, gah da dar, İçimdə min dünya var, Hələ də bu dünyada Ölüm olumdan gözəl.
AY KİMİ AĞ
Ağ-Ay kimi ağ, Səndən köçmək kimi Çətindir sənə qayıtmaq. Səndə olmazları görmək, Səndə olacaqları Heç kimdə olmayacaq qədər Müqqəddəs bilmək. Sevmək, sevmək, Sevərək ölmək- qovuşmaq Və yenə sevmək. Ay kimi ağ arzular qanadında Göyün yerində Nura çevrilmək, Gecələrin birində.
XAN ÇOBANA
Sellər təkcə sudan olmur, Xan Çoban, Xan Çoban, sellər təkcə dağdan gəlmir. Bir yaşda deyiləm ruhumla yəqin, O söylədikləri yadıma gəlmir.
Min ilin yağmurun daşıyır ruhum, Ruhumun əli var ağrılarımda. Eyni röyanı görsəm də illərdir, Hələ də azıram yuxularımda.
Gedirəm, getdiyim yolu yormadan, Varlığın tapmağa öz yoxluğumun. Gözümlə görürəm ilahi eşqin İçimdə böyüyüb söz olduğunu.
Mən şəkilsiz adamam
Mən şəkilsiz adamam; Şəkil yerinə yaz yağmurunun ətrini Təsəvvür edin, Iyləyin, Çəkin ciyərlərinizə bu ətri ən dadlı qoxu kimi. Onda apaydın görünəcəm
Sirrsiz, tilsimsiz və daha nələrsiz, Özüm olduğum kimi. Mən şəkilsiz adamam Və həm də sənsiz.
--------------------- Qaranlıq olur dünya Baxsan sabahdan əvvəl, Pıçıltıyla səsləyib O məni ahdan əvvəl.
Mən fikirdə olmuşam, O ahı qoyub gedib, Yiyəsiz sevgiləri Allahı qoyub gedib.
Hər şey var, amma yenə İnsan nəsə istəyir. Bütün ibadətlərin Sonu duayla bitir.

No comments:

Post a Comment