
O, kompüterin imkanlarından istifadə etməklə
motivasiyanı maraqlı tərtibatla təqdim etdi. Ətraf mühiti xarakterizə edən
fotoları ekranda nümayiş etdirməklə, mövzunun adını şagirdlərdən aldı. Bu məqamda
dərsin inteqrativ şəraitdə qurulacağının ilkin çağrışlarını verdi. Onun 7-ci
sinifdə apardığı dərsin mövzusu “Ana torpaq” idi. O, sinfə “Biz ətraf mühiti təmiz
saxlamaq üçün nə etməliyik?” tədqiqat sualını ünvanladı. Bu düşüncə ətrafında
sinif “Hava”, “Su” və “Dağ” qruplarına
bölündü. Müvafiq tapşırıqlar ətrafında iş başlandı. O, bu məqamdan etibarən, məqaləsində
də qeyd etdiyi kimi, qarşısına qoyduğu ən ali məqama-şagirdini yüksək səviyyədə
anlatma məqamına nail olmaq istəyirdi. Dərsin mərhələlərini məharətlə
uzlaşdıran və hər anın dəyərini qiymətləndirən müəllim şagirdlərinin söz
ehtiyatlarının artırılmasına, danışıq tərzlərinin inkişaf etməsinə xüsusi önəm
verirdi. Qruplararası əməkdaşlıq sinfi daha da fəallaşdırmış, rəqabət mühitinin
təmin olmasına yol açmışdır. Müəllimin ingilis dilində sinfə ünvanladığı
suallar elə ingilis dilində də cavablandırılırdı. Hiss edirdim ki, müəllimin şagirdlərlə
dərs prosesində ingilis dilində qurduğu ünsiyyət onların söz ehtiyatlarının
artmasına, həmçinin deyilən fikri dərhal anlamalarına yol açıb. Müəllim
qruplarla işin ardınca mənimsətməni daha da təkmilləşdirmək üçün sinfi cütlərlə
fəaliyyətə cəlb etdi. Mənim fikrimcə, Mehriban Məmmədovanın dərsini həyat
reallıqıarının əks olunduğu, bu reallıqların müzakirəsinin aparıldığı bir bilik
meydanına bənzətmək olardı. Onun dərsində, təbii ki, xarici dil tədris
olunurdu, amma ana torpağın, təbiətin fəryadını da eşitmək mümkün idi. Yəni müəllim,
təlim prosesini tərbiyə işi ilə ustalıqla əlaqələndirirdi. Şagirdlərini qoyulan
problem ətrafında sərbəst fikir söyləməyə, qərar qəbul etməyə ruhlandırırdı.
Beyin həmləsi, müzakirə, söz assosiasiyası kimi iş üsulları ilə şagird
potensialını açmağa çalışır, hər kəsi öz dili ilə dindirirdi. His edirdim ki, təcrübəli
müəllim şagirdlərinin qəlbini duymağa, öz işini onların ruhi-mənəvi dünyası ilə
əlaqələndirməyi bacarır. Şagirdlərin qiymətləndirilməsi zamanı da müəllimin dərs
prosesində şagirdinə nə qədər böyük önəm verdiyinin şahidi olduq. Hər bir
qrupun qiyməti ümumi razılıq əsasında müəyyənləşdirildi və şagirdlər qiymətləndirmədə
fəal iştirak etdilər, obyektivlikdən razı qaldılar.
İştirak etdiyim dərslərdə önəm verdiyim cəhətlərdən
biri də müəllimin ev tapşırığına münasibətidir. Əksər müəllimlər ev
tapşırığına, xüsusən son dövrlərdə laqeyd yanaşırlar. Əslində ev tapşırığı
mövzunun mənimsədilməsində, möhkəmləndirilməsində, şagirdin yaradıcı, müstəqil
fəaliyyətində müstəsna rola malikdir. Mehriban müəllim də bu amildən məharətlə
istifadə etməyi bacardı. Onun ev tapşırığı üçün tərtib etdiyi slaydda bir tərəfdə
ağacları kəsən insanlar, digər tərəfdə yuvası dağılmış heyvanlar və nəhayət meşədə
gül toplayıb oynayan uşaqlar təsvir olunmuşdu. Müəllim uşaqlara tapşırdı ki, şəkillərə
əsasən heyvanların, meşənin və uşaqların vəziyyətini xarakterizə etsinlər, eyni
zamanda uşaqların hisslərindən bəhs edən esse hazırlasınlar. Əslində bu
tapşırıq yaradıcılıq imkanlarını meydana qoymaq baxımından çox əlverişli idi. Təzadlarla
dolu olan bu şəkil şagirdləri düşünməyə, eləcə də problemdən çıxış yolları
axtarmağa sövq edəcək, yaradıcı bir iş meydana qoymağa həvəsləndirəcəkdi. Müəllim
slayddakı bu şəkillərlə həm də təbiətə münasibətin mövcud durumunu aça
bilmişdir. Şagird o zaman şəxsiyyət kimi formalaşır ki, müəllim onun qarşısında
həyat həqiqətlərini tam reallığı ilə təsvir edə bilsin...
İştirak etdiyim ikinci dərs 9-cu sinifdə “Azərbaycanın
tarixi yerləri” mövzusunda idi. Mehriban Məmmədova bu dərsdə də inteqrasiyanı təmin
etməklə çox maraqlı, mən deyərdim ki, dərs-ekskursiya yarada bildi. O, sinfin
divarları arasında təşkil etdiyi bu “ekskursiya”da şagirdlərinin əlindən tutub
Azərbaycanı gəzdirdi. Şagirdlərini yalnız Azərbaycanın bugünü ilə deyil,
tarixi, mədəniyyəti, unikal təbiəti, coğrafiyası ilə tanış etdi. Bu məqamlarda
həm müəllimin, həm də şagirdlərin tarixdən, coğrafiyadan öyrəndikləri köməklərinə
çatdı. Bəlkə də onlar Vətən haqqında dünən başqa cür düşünürdülər, amma
Mehriban müəllim bu sevgini onlara daha yeni çalarlarla aşılayırdı. Bu çaların əsas
rəngi Kürdəmir idi. Axı biz hamımız ilkin olaraq öz doğulduğumuz yeri sevirik.
Böyüdükcə sevgimiz də böyüyür-Azərbaycan böyüklükdə olur. Müəllimin də məqsədi
bu böyük sevgini aşılamaq idi...
O, yeri gəldikcə şagirdləri xəritə üzərində işə cəlb
edir, ölkəmizi hərtərəfli xarakterizə edən video-film nümayiş etdirir, məntiqli
suallarla şagirdlərin biliklərini müəyyənləşdirir, ədəbi, mədəni tariximizdən bəhs
edir, şagirdlərinin mənəvi zənginləşməsinə yönəlmiş məqamlar üzərində xüsusi
dayanır, tariximizin mühüm məqamlarının qısa şərhinə yer verirdi. Mən Mehriban
müəllimin hər bir şagirdinin hər bir cavabında mükəmməl vətən sevgisi hiss
edirdim. Düşünürdüm ki, bu istedadlı müəllimin bu günkü yetirmələri yaxın gələcəkdə
Azərbaycan həqiqətlərini ingilis dilində bütün dünyaya bəyan etmək gücündə
olacaqlar. Çünki onlar buna bu gün həm mənəvi, həm də intellektual cəhətdən
hazırlanır. O, ev tapşırığı verərkən də bu prinsipinə sadiq qaldı. Azərbaycanda
tarixi yerlərdən birini seçib həmin yer haqqında esse yazmağı tapşıran müəllim
bu məqamda da şagirdlərinin yaradıcı işləmələri üçün şərait yaratdı.
Elə dərsdən sonra iştirak etdiyim “İngilis dili”
gecəsi də Mehriban Məmmədovanın şagirdlərinin yaradıcı işlərinin bəhrəsi idi.
Şagirdlər bu tədbirdə ingilis dili dərsində öyrəndilkərini yaradıcılıqla tətbiq
edirdilər desəm yanılmaram. Onlar öz biliklərini müxtəlif mövzulu səhnəciklər,
şeirlər, mahnılarla ifadə edir, cəmiyyətin problemlərini, qayğılarını uşaq dilə
ilə çatdırırdılar. Mehriban müəllimin dərsində şagird kimi gördüyüm uşaqları
indi də “Sülh göyərçini”, “Sənətkar”, “Qiraətçi” qismində görürdüm. Onlar dərsdə
müəllimin tapşırıqlarını necə yerinə yetirirdilərsə, tamaşaçı ilə dolu olan
zalı da heyran etməyi bacarmışdılar.
Qısa arayış.
Mehriban Məmmədova 1981-ci ildə Naxçıvan Muxtar
respublikasının Culfa rayonunda anadan olub. 1998-ci ildə Kürdəmir şəhər 1 nömrəli
tam məktəbi əla qiymətlərlə başa vurub. Bakı Avrasiya Universitetini bitirərək sinxron
tərcümə ixtisasına yiyələnib. Universiteti bitirdikdən sonra fasilərlə
“Veteran”, “Nəbz”, “2 sahil” qəzetlərində müxbir vəzifələrində çalışıb. 2007-ci
ildə Azərbaycan Dillər Universitetinin yenidən hazırlanma fakültəsinə daxil
olaraq, ingilis dili (pedaqogika) ixtisasına yiyələnib. 2008 ci
ildən T.İsmayılov adına Kürdəmir şəhər 1nömrəli tam orta məktəbdə ingilis dili
müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
Mehriban müəllim
Təhsil Nazirliyinin, müxtəlif ictimai təşkilatların Kürdəmirdə təşkil etdiyi
kurslarda, eləcə də Təhsil Şurasının həyata keçirdiyi layihələrdə iştirak
etmiş, diplomlara, sertifikatlara layiq görülmüşdür. Təhsil Şurasının “Təhsil
sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək Proqramı” çərçivəsində
keçirilən “Elektron Tədris Resurslarının hazırlanması və tədrisə tətbiqi” layihəsində
iştirak edərək bu layihə üzrə “Təlimçi” statusu alıb. Bununla yanaşı o, “Ümumi orta təhsil səviyyəsində
yeni fənn kurikulumlarının tətbiqi” kursunuda I dərəcəli sertifikata,
Nazirliyin “Mədət” təşkilatı ilə birlikdə təşkil etdiyi İKT-nin təhsilə tətbiqi
üzrə “Müəllimlərin Peşakarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlim kursunun
nümunəvi sertifikatına layiq görülüb.O, Mətbuatda mütəmadi olaraq metodiki
yazılarla çıxış edir. Mehriban Məmmədovanın
yetirmələrindən Eşqin İbrahimov 614 bal, Nurlan Abdurrəhmanov 629 bal, Kamran
Səlimov 629 bal, Amid Nuriyev 624 balla
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına
daxil olublar. Mətanət Umudova 537, İlahə Qadımova 502 balla BDU-nun, Samir
Babayev 555, Loğman Qasımov 533 balla Azərbaycan Dövlət İqtisad Universitetinin
tələbəsi adını qazanıblar. Mehriban
müəllimin qabaqcıl iş təcrübəsi Kürdəmir Rayon Təhsil Şöbəsi tərəfindən öyrənilərək
rayonun məktəblərində yayılıb.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment