4.15.2015

İbtidai sinif müəllimliyi müəllimlik peşəsinin zirvəsidir

Yazı Bakı şəhəri Nəsimi rayonu 164 saylı tam orta məktəbin müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Qafilə Əliyevaya həsr olunur...


Müəllimlik elə bir peşədir ki, onu sevmədən, qəldən bağlanmadan uğur əldə etmək çox çətindir. Yalnız sevgi ilə bu peşənin dərinliklərinə baş vurmaq, onun ən incə məqamlarını mənimsəmək mümkündür. Uzun illik pedaqoji mətbuat təcrübəmdən belə qənaətə gəlmişəm ki, ibtidai sinif müəllimliyi müəllimlik peşəsinin zirvəsidir. Riyaziyyatı bilməklə yaxşı riyaziyyat müəllimi, ədəbiyyatı bilməklə yaxşı ədəbiyyat müəllimi ola bilərsən və s. Amma bir ibtidai sinif müəllimi olmaq bir neçə elm sahəsinin incəliklərini təfəkkür süzgəcindən keçirib beyinlərə həkk etmək bacarığı tələb edir. Həm də hələ formalaşmaqda olan kövrək uşaq beyninə... Bakının Nəsimi rayonundakı 164 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Qafilə Əliyeva da fəndən fənnə, dərsdən dərsə məharətlə adaptasiya olunaraq şagird qarşısına ana dilini sevən, onun musiqisini, mədəniyyətini, təsviri incəsənətini, təbiətini, ədəbiyyatını bilən bir müəllim kimi çıxmaq istedadına malikdir.
Uzun müddətdir ki, onu bir müəllim kimi müşahidə edirəm. Və bu müşahidələrim məni düşüncələrimdə yaşatdığım bir müəllim obrazı ilə zaman-zaman qarşı-qarşıya qoyur. Qafilə müəllim müəllimlik peşəsinin çətinliklərini, məsuliyyətini artıq 40 ildir ki, çiyinlərində daşıyır. Hər gün Xocahəsən qəsəbəsindən uzaq bir məsafəni qət edərək Bakının mərkəzinə gəlmək, axşam saatlarında yenidən geri dönmək, növbəti günün dərslərinə ciddi şəkildə hazırlaşmaq, yenilikləri öyrənmək üçün mütəmadi olaraq təlim kurslarında iştirak eləmək, gənc müəllimlərə müvafiq tövsiyyələr vermək, nümunə dərsləri təşkil etmək, nəhayət ailə qayğıları Qafilə müəllimin ən yaxın yol yoldaşıdır.
Qafilə müəllimin dərsini müşahidə etmək üçün 164 saylı tam orta məktəbə gələrkən elə düşündüklərimlə də qarşılaşdım. Hələ yenicə tətbiq olunmağa başlayan “Prometan” lövhəsinin köməyi ilə dərs quran Qafilə müəllim novator texnologiyanı tədris prosesinə məharətlə tətbiq edirdi. Dərsdə iştirak edən gənc müəllimlər də Qafilə müəllimi maraqla dinləyirdilər. Müəllim ikinci sinifdə “Azərbaycan dili”ndən “Cümlə” mövzusunu tədris edirdi. Dərsi diqqətlə dinləyən şagirdlər müəllimin ustalıqla yönəltmələri əsasında söz ehtiyatlarını artırır, maraqlı cümlələr qurur, testlərlə işləmə bacarıqlarını inkişaf etdirirdilər. Məktəbin direktoru Kəmalə Qədirovanın yolladığı bilməcə isə sinifdə əməlli-başlı canlanma yaratdı. Bilməcə həndəsi fiqurlardan ibarət idi. Lövhədə uşaqlara rəngli dairə, üçbucaq, romb, dördbucaq nümayiş olundu. Hər rəngə aid hərflər yazıldı. Uşaqlar rənglərə uyğun olaraq hərfləri yerinə qoydular. “Uşalar sizə uğurlar arzulayıram.” cümləsi alındı. Maraqlıdır, məktəbin rəhbəri sinifdən kənarda olduğu halda motivasiya üçün mükəmməl şərait yaratdı. Bu da öz növbəsində müəllimin yaratdığı motivasiya ilə üst-üstə düşdü, onu bir qədər də möhkəmləndirdi.  
Dərs davam etdikcə maraqlı nüanslar bir-birini əvəz edirdi. Qafilə müəllim sinifdə sağlam mübarizə mühiti formalaşdıra bilmişdi. Qruplararası yarış hər kəs üçün özünütəsdiqləmə imkanı yaratmışdı. Qoyulan suallar hər kəsdən düşünərək dərhal cavab verməyi tələb edirdi. Şübhəsiz ki, bu da uşaqlardan yaradıcılıq potensiallarını realizə etmək bacarığı tələb edir. Bunun isə formalaşdırılması üçün müəllimdən zaman tələb olunur. Hiss edirdim ki. Qafilə müəllimin şagirdlərində bu xüsusiyyət yaranmaqdadır. Növbəti – musiqi dərsində bunun bir daha şahidi oldum. Bu barədə bir qədər sonra...
Azərbaycan dilinin tədrisində fənndaxili, fənlərarası əlaqə mühüm rola malikdir.  Qafilə müəllim bu əlaqədən istifadə etməklə həm də şagirdlərinin təfəkküründə bir ardıcıllıq, əlaqələndiricilik, tədqiqatçılıq, axtarıcılıq xüsusiyyətlərinin ilkin elementlərinin yaranmasına yol açırdı. Növbəti mərhələdə-sualların cavablandırılmasında, testlərin həll olunmasında bu, özünü aydın göstərirdi.
Qafilə müəllim musiqi dərsində şagirdlərin qarşısına sanki yeni bir biçimdə çıxmışıdı. O, musiqinin verdiyi imkanlardan istifadə etməklə şagirdlərini sehirli bir aləmə çəkib apara bildi. Öncə ötən dərsdə öyrəndkiləri “Sərçə” mahnısı səsləndirildi. Uşaqlar müəllimlə birlikdə bu mahnını çox gözəl ifa etdilər. Yeni mövzu isə Fikrət Əmirovun Zeynal Cabbarzadənin sözlərinə bəstələdiyi “Qatar” mahnısı idi. Sinfin fəallarından olan Ayan bu mahnını incə bir biçimdə ifa etdikdən sonra sinif mahnını xorla oxudu. Müşahidə etdiyim bir məqam üzərində də dayanmaq istərdim. Qafilə müəllim ali təhsil aldığı Azərbaycan Pedaqoji İnstitutunda musiqi fənninin tədrisi metodikasına da mükəmməl yiyələnmişdir. Bu bilikləri bu gün də onun köməyinə gəlməkdədir. Bu gün əksər məktəblərimizdə musiqinin tədrisinə laqeyd yanaşılır. Musiqinin uşaqların bədii-estetik zövqünun formalaşmasındakı rolu lazımınca dəyərləndirilimir. Hətta bəzi məktəblərdə musiqi fənninə ayrılan saatlar başqa fənlərlə əvəz olunur. Dərs Azərbaycanın Dövlət Himninin oxunuşu ilə başlandı. Təcrübəli müəllim Qafilə Əliyeva isə musiqinin tərbiyəvi imkanlarını tədrisə məharətlə tətbiq etməklə, şagirdlərin estetik zövqünün, bədii dünyagörüşünün formalaşmasına stimul yaradır. “Qatar” mahnısı ifa ediləndən sonra şafirdlərə bu mahnı ilə bağlı təəssüratlarını rəsmlə ifadə etmək tapşırığı verildi. Uşaqların rəssamlıq qabiliyyətlərini stimullaşdırmağa çalışan müəllim burada da təbii ki bir sıra nüanslar üzə çıxardı: sinifdə rəssamlıq qabiliyyəti olan uşalar var. Əlbəttə ki, müəllim onları tanıyırdı. Amma hər bir mövzunun şagird düşüncəsindəki inikasını müəyyənləşdirmək, şagirdin intellektual inkişaf səviyyəsini dərsdən-dərsə izləmək müəllimin vəzifəsidir. Və bu vəzifədən irəli gələrək Qafilə müəllim şagirdlərinin bir dərs anının belə boşa getməsinə imkan yaratmırdı. Hər bir məqam öyrənməyə xidmət edirdi. Və bu öyrədicilik mühiti məzmun etibarilə yalnız elmi mahiyyət daşımırdı, həm də dünyagörüşünün inkişafına, vətənə məhəbbət duyğularının formalaşmasına xidmət edirdi. Belə bir ruhda, belə bir sinif, belə bir müəllim müəllimin mühitində böyüyən, bilik alan şagirdin uğur əldə edəcəyi şübhə doğurmur. Necə ki, Qafilə müəllim nailiyyətlər əldə etmiş şagirdlərindən fərəh hissi ilə danışır. Qarşıda isə onları daha böyük uğurlar gözləyir...


Böyükağa MİKAYILLI  

No comments:

Post a Comment