
Xumarə
Mikayılova söyləyir ki, məktəbin idman sahəsində olan nailiyyətləri də çoxdur.
Fiziki tərbiyə müəllimləri Atəş Məmmədov, Ariz Soltanov və İsrayıl Məmmədov məktəbin yüksək idman nailiyyətlərinin əldə
olunmasında əhəmiyyətli rol oynayırlar. Şagirdlərin idman uğurlarını əks etdirən
diplomlara nəzər sadıqda da bunu aydın görmək mümkündür. Yeniyetmələr arasında
Respublika çempionatında, Bakı birinciliyində, Beynəlxalq Bakı turnirində,
poliotlon çoxnövçülüyü üzrə benəlxalq
yarışlarda, Prezident Kubokunda əldə olunan qalibiyyətlər buna sübutdur.
Şübhə yoxdur ki, məktəbin hərtərəfli təchizata
malik olan idman zalı da uğurların əldə olunmasında təkanverici amillərdən
biridir. Məktəbin “Şahinlər” hərbi idman komandası da şəhər birinciliyində mütəmadi
olaraq qələbə əldə edir.
10 nömrəli
tam orta məktəbin nailiyyətlərinə nəzər saldıqda və onu şəhərin digər təhsil
ocaqlarının uğurları ilə müqayisə etdikdə görmək mümkündür ki, bu təhsil
ocağının qazandığı uğurlar şəhərin digər təhsil ocaqları ilə müqayisədə özünəməxsus
cəhətləri ilə seçilir. Xumarə Mikayılova məktəbin müəllimlərindən Nabat Vəliyeva,
Zemfira Məhərrəmova (Respublikanın əməkdar müəllimi), Validə İbrahimova,
Xuraman Paşayeva, Yeganə Bədəlova, Nailə Nəsibova, Nabat Kərimova, Nərmin Məlikova,
Nərminə Əliyeva, Svetlana Kərimova, İlham Bayramov, Nəriman Qədirov, Seymur Məhərrəmov,
Rəna Səfərova, Xatirə Lətifova, Atəş Məmmədovu qabaqcıl müəllim kimi xarakterizə
etməklə, onların hər birini yenilikci, novator müəllim kimi təqdim etdi. Söylədi
ki, məktəbdə qabaqcıl müəllimlərin çalışması, təlimin keyfiyyətinə müsbət təsir
etməklə bərabər, digər müəllimlərin də işinin stimullaşdırılmasına yol açır.
Mütəmadi olaraq açıq dərslərin keçirilməsi, yenilikçi müəllimlərin iş təcrübəsinin
mütərəqqi cəhətlərinin məktəbdə yayılması məktəbdə pedaqoji prosesin səmərəsini
artırır. Təcrübəli məktəb rəhbəri söyləyir ki, dövlət hər zaman müəllimin
qarşısında böyüyən nəslin geniş dünyagörüşlü, elmə, təhsilə həvəsli, əxlaqlı, Vətənimizə
layiqli vətəndaş formalaşdırılması kimi mühüm vəzifə qoyur. Bu vəzifələrin həlli
yalnız tədris prosesi ilə yekunlaşmamlıdır. Müəllim nə qədər yüksək peşəkar
hazırlığa malik olsa da, vətəndaş hazırlığına nail olmağın yolu yalnız dərs
prosesindən keçmir. Məktəbdə mütəmadi olaraq müxtəlif mövzularda tədbirlər
keçirilməli, bu tədbirlərdə öyrədicilik, maarifləndiriciliklə yanaşı, vətəndaş
hazırlığı məsələlərinə xüsusi yer ayrılmalıdır. Bəs bu iş necə təşkil
olunmalıdır? 10 nömrəli tam orta məktəbdə bu istiqamətdə hansı tədbirlər həyata
keçirilir?
Xumarə
Mikayılova söyləyir ki, şagirdlərin dərs prosesində vətənimizin tarixi keçmişi,
ədəbiyyatı, incəsənəti, mədəniyyəti, görkəmli şəxsiyyətləri ilə bağlı öyrəndikləri
müəllimlərinin də köməyi ilə onları bu istiqamətdə araşdırma aparmağa, müxtəlif
səpkili tədbirlər təşkil etməyə sövq edir. Çalışırıq ki, tədbirlərin hər biri
özünün öyrədici, maarifləndirici xarakteri ilə diqqəti cəlb etsin, eyni zamanda
şagirdləri maraqlandıran məqamlarla zəngin olsun. Şagirdlər dərs prosesində öyrəndiklərini
bu kimi tədbirlər vasitəsilə daha da zənginləşdirirlər. Məktəbdə dövrü olaraq
keçirilən “Bilik günü”, “Müəllim günü”, “Müstəqillik günü”, “Konstitusiya günü”, “Bayraq günü”,
“Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü”, “Dünya Azərbaycanlılarının
həmrəylik günü”, “Novruz bayramı”, “Azərbaycanlıların soyqırımı günü”, “Respublika günü”, “Baynəlxalq Ana dili
günü”, “Dirçəliş günü”, 20 yanvar, Xocalı faciəsi günləri məktəbdə əhval –
ruhiyyəni tamamilə bu günlərin əhvalına kökləyir. Ümumilikdə isə gənclərdə Vətən
sevgisini, şəxsi ləyaqət hissini, azadlıq, xeyirxahlıq duyğularının formalaşdırılmasına
yol açır. Hər il may ayında məktəbdə böyük təntənə ilə qeyd olunan ulu öndər
Heydər Əliyevin doğum gününə məktəbin pedaqoji kollektivi bütölükdə xüsusi
hazırlıq aparır. Bu kimi tədbirlər ümumilikdə, təlim-tərbiyə işinin keyfiyyət
baxımından yüksəlməsini stimullaşdırır. Məktəbin pedaqoji kollektivi, dərs
prosesi ilə tanışlıqdan da bu qənaətə gəlmək mümkündür. Təsadüfü deyildir ki, hələ
bir neçə il bundan əvvəl Təhsil nazirliyinin apardığı akkreditasiya 10 nömrəli
tam orta məktəbin fəaliyyətini müsbət tərəfdən dəyərləndirmişdir. Akkreditasıya
komissiyası məktəbin fəaliyyətini dövlət standartlarına uyğunluq baxımından
yüksək qiymətləndirmişdir. Xumarə Mikayılova qeyd edir ki, akkreditasiya zamanı
şagirdlərin ali məktəblərə qəbulu, onların müxtəlif miqyaslı yarışlarda,
müsabiqələrdə, olimpiadalarda iştirakı, məktəbin beynəlxalq əlaqələri də yüksək
nəticə hesab edilmişdir.
Hələ bir
neçə il əvvəl Xumarə Mikayılovadan aldığım müsahibədə təcrübəli məktəb rəhbəri vurğulamışdı ki, bu gün məktəbdə təlimin keyfiyyətinin yüksəldilməsi
bir nömrəli vəzifə kimi qarşıda dayanır. Pedaqoji kollektiv bütünlüklə bu vəzifənin
yüksək səviyyədə yerinə yetirilməsinə səfərbər olunub. Bu məqsədlə mütəmadi
olaraq keçirilən dəyirmi masalar, diskussiyalar, seminarlar, treninqlər müəllimlərin
peşəkarlıq səviyyəsinin yüksəlməsinə, bunun fonunda təlim-tərbiyə işinin
keyfiyyətinin yaxşılaşmasına istiqamətlənib. Müəllimlərin respublika və beynəlxalq
miqyaslı pilot layihələrdə, innovativ proqramlarda iştirakı, eyni zamanda məktəbdə
İKT-nin, total internet şəbəkəsinin mövcudluğu təlimin müasir səciyyə
daşımasına yardımcı olan amillərdəndir. Bu gün də belədir. Ümumiyyətlə, 10 nömrəli
tam orta məktəb respublikada bütün innovativ layihələrin meydanı kimi tanınır. Xumarə
Mikayılova vurğulayır ki, pedaqoji kollektivin qarşıya qoyduğu ən mühüm vəzifələrdən
biri də istedadlı şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkilidir. Məktəbdə
pilot layihə kimi tətbiq olunan “Dram”, “Rəqs”, “Musiqi”, “Rəsm” dərnəkləri
şagirdlərin dərsdənsonrakı vaxtlarının səmərəli dəyərləndirilməsi proqramı əsasında
həyata keçirilir. Bu proqram da öz növbəsində istedadlı şagirdlərin meydana
çıxarılmasına yol açır. Mingəçevirin dörd məktəbində tətbiq olunan bu proqrama
bütün fənlər və bütün siniflər üzrə fəaliyyət göstərən qruplar daxildir. Dərnəklər
həftənin cümə və şənbə günləri fəaliyyət göstərir. Xumarə Mikayılova qeyd edir
ki, Təhsil nazirliyi tərəfindən tətbiq olunan və şəhər təhsil şöbəsinin
yaxından iştirakı ilə tətbiq olunan bu proqramın məqsədi şagirdlərin hərtərəfli
şəxsiyyət kimi formalaşmasına nail olmaqdır. Xumarə Mikayılova söyləyir ki, dərnəklərin
fəaliyyətə başlaması məktəbin həyatında, sözün həqiqi mənasında, canlanma
yaratmışdır. Şagirdlər kitabxanaya, dərnəklərə, müzakirələrə həvəslə gəlir, tədbirlərdə
maraqla iştirak edirlər.
Bu gün 10
nömrəli tam orta məktəbin pedaqoji kollektivi Xumarə Mikayılovanın rəhbərliyi
ilə öz işini gənclərin dünyagörüşünün hərtərəfli inkişafı, onların cəmiyyətdə
layiqli mövqe tutması, təlimdə daha böyük nailiyyətlərin əldə olunması istiqamətində
təşkil edir. Düşünmək olar ki, bu əsaslı fəaliyyət onları yalnız uğura doğru
aparır.
Böyükağa
MİKAYILLI
No comments:
Post a Comment