Mənim valideynlərim qapalı məkanda
böyüyüblər. Yəni qapalı ölkədə. Öz yaxın tarixlərini belə doğru-düzgün öyrənmək
imkanları olmayıb. Oxuduqları tarix kitablarında II Qızıl ordu xilaskar,
yaşadıqları küçə Şaumyan adlanıb. Taxdıqları pioner qalstuku olub. Hətta ulu
nənəm danışanda ki, ermənilər bolşeviklərlə birlikdə Bakının mərkəzində
Azərbaycanlıları məscidə toplayıb yandırmışdılar və o, təsadüf nəticəsində sağ qalmışdı, buna da inanmaqları gəlməmişdi.
“Yəni bu qədər kitab, qazet, bədii əsərlər yalan danışır? Nənə yaşlıdır, yəgin
nəyisə qarışdırır.” – deyə düşünmüşdülər. Əli və Nino romanı dünya dillərinə
tərcümə edilib (33 dildə), dönə-dönə nəşr ediləndə əslində tarixini əks
etdirdiyi ölkənin insanlarının ondan xəbəri olmayıb.
Mən Qarabağ uğrunda müharibənin ən qızğın dövründə dünyaya göz açmışam. 1994-cü ildə. Elə həmin il babam, nənəm doğma el-obalarından didərgin salınmışdılar. Valideynlərimin uşaqlıqda ağıllarına belə gətirmədikləri, mənim körpə ikən başıma gəlmişdi. Uşaqlığım babam, nənəm kimi minlərlə didərgin düşmüş azərbaycanlıların qırılmış arzularına, küskün gözlərinə, ümidsiz baxışlarına şahid olmağa məhkum idi.
Mən Qarabağ uğrunda müharibənin ən qızğın dövründə dünyaya göz açmışam. 1994-cü ildə. Elə həmin il babam, nənəm doğma el-obalarından didərgin salınmışdılar. Valideynlərimin uşaqlıqda ağıllarına belə gətirmədikləri, mənim körpə ikən başıma gəlmişdi. Uşaqlığım babam, nənəm kimi minlərlə didərgin düşmüş azərbaycanlıların qırılmış arzularına, küskün gözlərinə, ümidsiz baxışlarına şahid olmağa məhkum idi.
Yalnız Corc Oruellin “1984” adlı kitabını oxuyandan sonra dumanlı da olsa valideynlərimin böyüdüyü ölkə haqqında təsəvvür əldə etmişdim. Anlamışdım ki, belə də mümkündür. Tarixi unutdurmaq. Vətən yolunda şəhid olmuş insanların qəbirlərinin üstündə park salaraq tarixi ələ salmaq belə mümkündür. Sonucda isə tarix onu unudanları bağışlamır, təkrar olunur, daha da faciəli şəkildə. Buna yol verməmək üçün tarixi doğru-düzgün öyrənmək lazımdır. Öncəliklə öz vətəninin tarixini.
Dünən “Əli və Nino” filminə tamaşa etdim. Dünya səviyyəsində qoyulmuş bu sənət əsəri iki gəncin sevgisinin fonunda Azərbaycan tarixini əks etdirir. Yaxın tariximizi, uzun illər unutdurulan tariximizi. Mənim üçün filmin leytmativi müstəqilliyimizin nə qədər önəmli olduğunu, nə qədər qurbanlar bahasına əldə edildiyi ideyasının önə çəkilməsi idi. Bu baxımdan “Əli və Nino” filminin belə yüksək səviyyədə dünyaya təqdim edilməsi Azərbaycan üçün böyük tövhədir. Məlumdur ki, özünü tanıtmaq üçün məlumat vermək azdır, gərək dünyanın anladığı, qəbul etdiyi dildə fikrini çatdırmağı bacarasan. Yəni sözünü elə deyəsən ki, səni eşitmək istəsinlər. Bu müasir dünyanın qəbul etdiyi kommunikasiya tərzidir. “Əli və Nino” filmi bu tələbə gözəl cavab verir. Biz minlərlə məqalə, sənədli filmlə verə bilməyəcəyimiz informasiyanı, mesajı bu bədii sənət əsəri vasitəsi ilə dünyaya çatdıra bilərik. Tarixi bilmək vacibdir. Vətənimiz, gələcəyimiz üçün. Istəməzdim ki, gələcək nəsillər mənim uşaqlıqda yaşadığım hissləri yenidən yaşasınlar.
Bu filmin çəkilişində, ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Fikrimcə, möhtəşəm bir iş bacarmışlar.
Səbinə HACIZADƏ
15.10.2016
No comments:
Post a Comment